Hadisə

İqtisadi inkişaf zəifləyəcək, hərbi xərclər artacaq

Dünya iqtisadi tempin aşağı düşməsi və paralel olaraq hərbi xərclərin artdığı bir dövrə qədəm qoyub. İndi hərbi təhlükəsizlik dövlətlərin və hökumətlərin gündəmində bir nömrəli məsələdir. Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra Almaniya ilk dəfə olaraq  hərbi xərclərini artırmaq haqda  qərar qəbul edib. Almaniya parlamenti ordunun yenidən silahlanması üçün 100 milyard avro ayırıb. Bundan əlavə, Almaniya hərbi xərclərini ÜDM-nin 2 faizinə qədər çatdırmaq qərarı qəbul edib.

Martın 5-də Pekində açılışı olmuş xalq nümayəndələrinin Ümumçin yığıncağında Çinin baş naziri Li Keçyan ciddi və aydın olmayan perspektiv haqda xəbərdarlıq edib. O, səbəb kimi pandemiyanı, daşınmaz əmlakın qiymətinin  düşməsini və Ukrayna müharibəsi ilə bağlı qeyri-müəyyənliyi göstərib. Çinin baş naziri 1991-ci ildən bəri ilk dəfə 2022-ci ildə Çinin Ümumi Daxili Məhsulunun artım tempinin 5.5%-ə qədər düşəcəyini elan edib. Bu 31 il ərzində ən aşağı artım tempidir, ancaq buna baxmayaraq Çin də 2022-ci ildə hərbi xərclərini artırmağı planlaşdırır. Bu il Çinin hərbi büdcəsi ötən illə müqayisədə 7,1% artırılaraq 230 milyard dollar olacaq. Çin ötən il hərbi xərclərini 6.8% artırmışdı.

Beləliklə, pandemiyaya paralel olaraq bütün Avropa, Amerika və Rusiyanın birbaşa dünyanın qalan hissəsinin dolayı yolla müxtəlif formalarda cəlb olunduğu bir savaş müharibə fonunda bütün güc mərkəzləri hərbi xərcləri artırırlar. İqtisadi templər isə aşağı düşür. Bu, dünyaya yaxşı şeylər vəd etmir. Bu o deməkdir ki, beynalxalq ticarat daha çox zəifləyəcək, aparıcı iqtisadiyyatlar daha da kiçiləcək və sosial problemlər artacaq. Bu o deməkdir ki, təhlükəsizlik və iqtisadiyyatda yerli istehsalın genişləndirilməsi, daha geniş özünütəminat birinci dərəcəli problemlərdir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)