Azərbaycan Sahibkarlar Konfederasiyası sahibkarlara müraciət etdi
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) sahibkarlara müraciət edib.
ENA.az müraciətin mətnini təqdim edir.
“Hazırda Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş torpaqların sürətli bərpası istiqamətində Azərbaycan dövləti tərəfindən böyük işlər görülür. İnsanların tezliklə öz yurd-yuvalarına qayıtması üçün infrastruktur layihələrinin həyata keçirilməsi, bu torpaqlarda sahibkarlığın inkişaf etdirilməsi, yeni iş yerlərinin yaradılması, işğal altında olmuş ərazilərimizdə həyatın yenidən canlanması üçün mühüm tədbirlər həyata keçirilir.
Dövlətimizin başçısı Ağdam rayonuna sonuncu səfəri zamanı iş adamlarına müraciət edərək onları həm Ağdama, həm də işğaldan azad edilmiş bütün digər ərazilərə sərmayə qoymağa çağırdı. Azərbaycanda yeni biznes qurmaq və sahibkarlığın inkişafı üçün çox gözəl şəraitin yaradıldığını vurğulayan Prezident İlham Əliyev qeyd edib: “Əlbəttə ki, bölgələrdə infrastruktur layihələrinin icrası sahibkarlıq üçün də gözəl imkanlar yaradır. Ona görə Azərbaycan sahibkarları gərək azad edilmiş torpaqlara gəlsinlər və burada müəssisələr qursunlar, iş yerləri yaratsınlar”.
Eyni zamanda, fevralın 18-də dövlətimizin başçısı yeni icra başçılarının təyinatı ilə bağlı görüşdə sahibkarlara tövsiyə edib ki, işə qəbulda, ilk növbədə, Vətən müharibəsində fərqlənmiş gənclərimizi nəzərə alsınlar.
Qeyd edək ki, Azərbaycan Sahibkarlar Konfederasiyasının təşkilatçılığı ilə Türk Ticarət və Sənaye Palatasına daxil olan dövlətlərin Bakıda keçirilmiş növbədənkənar görüşündə Qarabağa investisiya qoyulması ilə bağlı iqtisadi imkanlar müzakirə edilib. Həmçinin təşkilat bütün üzvlərinə müraciət edərək, şəhid ailə üzvlərinin, qazilərin işlə təminatında aktiv olmağa çağırıb. Azad olunmuş torpaqların iqtisadi cəhətdən dirçəldilməsi məqsədilə üzv şirkətlərdən toplanan investisiya layihələri hökumətə təqdim olunub.
İndiki şəraitdə, xüsusilə postmüharibə dövründə özəl sektorun üzərinə daha böyük vəzifələr düşür.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası dövlətimizin başçısının bu çağırışını dəstəkləyir və bildirir ki, azad edilmiş torpaqlarda sahibkarlığın inkişafı Böyük Qayıdışın daha tez bir vaxtda həyata keçirilməsinə böyük töhfə verəcək.
Konfederasiya öz imkanlarından istifadə edərək, azad olunmuş torpaqlarda biznesin inkişafı, mövcud layihələrə xüsusi yanaşmaların tətbiq edilməsi və sahibkarların dövlətin dəstək tədbirlərindən yararlanması üçün təşkilati yardım göstərməyə hazırdır.
Qeyd edək ki, artıq aqrar, təhsil, emal, mədənçıxarma, ticarət, turizm sahələrini əhatə edən investisiya təklifləri mövcuddur və bundan sonra təkliflərin icra mərhələsinə keçid etmək lazımdır.
Bununla bərabər Vətən müharibəsində iştirak etmiş və fərqlənmiş gənclərimizin işlə təmin olunmaları Azərbaycan Sahibkarlar Konfederasiyasının qarşısında prioritet məsələ kimi durur. Konfederasiya daima üzv olan sahibkarlara bu sahədə məsləhətlər verir və hüquqi yardım göstərir.
Biz Azərbaycan Sahibkarlar Konfederasiyası olaraq dövlətin sosial tərəfdaşı kimi, təmsil etdiyimiz sahibkarlarla birlikdə həmrəylik nümayiş etdirməklə Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni iqtisadi uğurlara nail olacağımıza inanır və əmin edirik ki, dövlətimizin daha da güclənməsi, rəqabətə davamlı istehsalın genişləndirilməsi və dünya miqyasında nüfuzunun daha da artması üçün bütün gücümüzü səfərbər edəcəyik, əlverişli biznes mühitindən yararlanmaqla ölkəmizin, o cümlədən işğaldan azad olunmuş torpaqlarımızın daha da çiçəklənməsi, əhalinin rifah halının yaxşılaşdırılması üçün var gücümüzlə çalışacağıq. Bütün iş adamlarını bu şərəfli və məsuliyyətli işdə yaxından iştirak etməyə çağırırıq”.