Filippinli alim Günəşsiz havada belə elektrik enerjisi istehsal edən panel yaradıb
Qida tullantılarından hazırlanan panel şüşəni əvəz edə və göydələnləri nəhəng elektrik stansiyasına çevirə bilər.
Məlumata görə, filippinli Karvi Eren Mayq Günəş şüaları olmadan belə işləyən AuREUS adlı yeni panel düzəldib. Bu barədə BGR portalı məlumat yayıb.
Məlumdur ki, Günəş panelləri evi və ya kiçik müəssisəni təmin etmək üçün lazım olan qədər enerji istehsal etməyə qadirdir, lakin bu zaman Günəş şüaları daim onun üzərinə düşməlidir. Günəş batdığı və ya buludların arxasına keçdiyi zaman enerji istehsal dayanır. Mapua Universitetinin tələbəsinin düzəltdiyi panel buludun arasından sərbəst şəkildə keçən ultrabənövşəyi şüaları tutmaq qabiliyyətinə malikdir.
Meyvə və tərəvəz tullantılarından əmələ gələn qatrandan limüniset hissəcikləri çıxaran K.E.Mayq onlardan xüsusi hissə düzəldib. Pəncərəyə yapışdırılan həmin hissə ultrabənövşəyi şüadan enerji istehsal etməyə qadirdir.
Uzunluğu 1 metr, eni 60 santimetr olan paneli sınaqdan keçirən mühəndis iki smartfonu enerji ilə təmin edəcək qədər elektrik enerjisi əldə edib. Həmin hissə istinin təsiri ilə istənilən formanı alır və buna görə də ondan bir çox sahədə istifadə etmək mümkündür.
“Mən Filippin sakinlərinə təmiz və bərpaolunan enerji əldə etmək üçün yardım göstərmək istəyirəm. Buna görə də diqqətimi bizi əhatə edən Günəş enerjisinə yönəltdim”, - deyə mühəndis bildirib. Həmin paneli düzəltmək ideyasını isə Günəşin şüaları altında rəngini dəyişən qoruyucu eynəkdən aldığını deyib. Onun düzəltdiyi panel yağışlı havada belə elektrik enerjisi hasil etməyə qadirdir.