"BlackBerry" yeni smartfonlarının istehsalı ideyasından İMTİNA ETDİ
2020-ci ilin ortalarından BlackBerry brendinin lisenziyasına sahib ABŞ-ın OnwardMobility şirkəti sözügedən brend altında yeni smartfon istehsalı ideyasından imtina edib. İlk öncə güman edilirdi ki, şirkət 2021-ci ildə minimum bir ədəd BlackBerry smartfonunu təqdim edəcək. Lakin keçən il bu brendin heç bir yeni məhsulu təqdim olunmadı. 2021-ci ilin sonunda məlumat ortaya çıxmışdı ki, şirkət fiziki klaviaturaya və 5G şəbəkə dəstəyinə sahib yeni BlackBerry modelini təqdim etməyi planlaşdırır. İndi isə məlum olub ki, OnwardMobility BlackBerry brendinin inkişaf etdirilməsi ideyasından imtina edib. Sözügedən layihənin uğursuz olduğuna işarə edən daha bir sübut ondan ibarətdir ki, şirkət il yarım ərzində heç bir yeni smartfon və ya hətta planlaşdırılan smartfonun render fotolarını belə təqdim etməyib.
Hətta əgər hansısa BlackBerry modelinin hazırlanması planlaşdırılırdısa da, bu artıq ideya olaraq qaldı. Qeyd etmək lazımdır ki, şirkət planlaşdırılan smartfonun hansı xarici görünüşə sahib olacağı barəsində məlumat verməmişdi. İnternetdə məlumatlar ortaya çıxmışdı ki, şirkət smartfon dizaynına hansısa radikal dəyişikliyi əlavə etməyi planlaşdırmır və bu məsələdə əvvəlki BlackBerry modellərinin dizaynlarına istiqamətlənməyi üstün tutur. Bəzi mənbələr qeyd edirdilər ki, şirkət 2015-ci ildə təqdim edilmiş BlackBerry Priv smartfonunun dizaynına bənzər bir xarici görünüşə sahib smartfon təqdim edə bilər.
Qeyd etmək lazımdır ki, BlackBerry Priv smartfonu Android əməliyyat sistemi ilə çalışan ilk BlackBerry modeli olmuşdu. OnwardMobility şirkətinin yeni BlackBerry smartfonunun hazırlanmasından imtina etməsinin əsas səbəbi həmçinin Kanadanın BlackBerry şirkətinin smartfonlarla bağlı patentlərini satması ilə əlaqəli ola bilər. Smartfonlarla bağlı bütün patentləri 600 milyon dollara Catapult IP Innovations adlı şirkət alıb. Sözügedən şirkət daha öncə smartfon bazarı ilə əlaqəli olmayıb. Heç istisna deyil ki, Catapult IP Innovations şirkəti patent trollu rolunda çıxış edən şirkətdir. Bu cür şirkətlər sahib olduqları texnologiyalardan digər şirkətlərin istifadəsinə görə onlardan müəyyən miqdarda ödəniş əldə edirlər.