Facebook ilə Instagram-ın fəaliyyətləri Avropada dayandırıla bilər
Meta şirkəti Avropada Facebook ilə Instagram-ın fəaliyyətlərinin dayandırılmasını istisna etmir. Bu cür ssenari şirkətin keçən həftə ABŞ Dəyərli Kağızlar və Birjalar Komissiyasına təqdim etmiş olduğu hesabatında qeyd edilib. Avropanın yeni qanunvericiliyinə əsasən vətəndaşların məlumatları Avropa qitəsində lokallaşdırılmalıdır. Facebook və Instagram isə istifadəçi məlumatlarının saxlanması və emalı üçün ABŞ və Avropadakı serverlərdən istifadə edir. Meta-nın sözlərinə əsasən istifadəçi məlumatlarının müxtəlif qitələrdə emal edilməsi imkanı onun biznesi və reklam targetinqi üçün aparıcı rol oynayır.
“Əgər biz, məlumatları çalışdığımız ölkələr və regionlar arasında ötürməsək və ya əgər bizə məhsullarımız və xidmətlərimiz arasında məlumatların mübadiləsi qadağan edilsə, bu, bizim xidmət təklif etmə bacarığımıza, təklif etdiyimiz xidmətlərin təklif üsuluna və o cümlədən bizim reklam targetinqi bacarığımıza təsir göstərəcək” - deyə şirkət hesabatında qeyd edilib. İstifadəçilərin konfidensiallıqlarını qorumağa yönəlik olan Avropa qanunları istifadəçi məlumatlarının Avropa Birliyi daxilində saxlanmasının təmin edilməsini tələb edir. Meta şirkəti Avropa Birliyi ilə məlumatların mübadiləsi mövzusunda yeni razılıqlar əldə edə bilmədiyi üçün o, Facebook ilə Instagram-ın Avropada fəaliyyətlərini dayandırmaqdan başqa çıxış yolu görmür.