Əhalinin gəlirlərini yeyən inflyasiya barədə -Azər Ələsgərov danışdı
"2021-ci ildə Azərbaycanda ümumi inflyasiyanın 3/5-nü ərzaq inflyasiyası formalaşdırıb". Bunu Azərbaycan Mərkəzi Bankın (AMB) Pul siyasəti departamentinin direktoru Azər Ələsgərov bildirib.
Onun sözlərinə görə, 2022-ci ildə Azərbaycanda orta illik inflyasiya Mərkəzi Bankın baza ssenarisinə əsasən 6,6% -7,1% təşkil edəcək.
“AMB-nin bir neçə inflyasiya proqnozu ssenarisi var. Baza ssenarisinə əsasən, 2022-ci ildə orta illik inflyasiya 6,6% -7,1% diapazonunda olacaq”.
Onun sözlərinə görə, baza ssenarisinə əsasən, 2023-cü ilin ikinci rübündən başlayaraq inflyasiya səngiyərək proqnoz dəhlizinə yaxınlaşacaq (4% plus/minus 2%).
Ələsgərov qeyd edib ki, son 10 ildə Azərbaycanda inflyasiya orta hesabla ildə 5% təşkil edib.
“Lakin 2021-ci ildə inflyasiya daha yüksək olub: illik - 12%, orta illik - 6,7% və bu qiymət artımı bütün alt komponentlərdə baş verib. İnflyasiyanın artması Azərbaycanın əsas ticarət tərəfdaşı olan bütün ölkələr üçün xarakterik olub. Qlobal qiymət artımı bəzi amillərlə, o cümlədən ərzaq məhsullarının bahalaşması ilə bağlıdır. Azərbaycanda ötən il bahalaşma digər amillərlə yanaşı, idxalın qiymətinin 21% artması ilə də bağlı olub. Bundan əlavə, kənd təsərrüfatı məhsulları 17% bahalaşıb.
Bununla belə, onun sözlərinə görə, əvvəlki illərlə müqayisədə ümumi inflyasiyanın formalaşmasında qeyri-ərzaq məhsullarının və xidmətlərin də rolu artıb.
A.Ələsgərov həmçinin deyib ki, Azərbaycan uzunmüddətli dövrdə inflyasiyanın nisbətən aşağı olduğu ölkələrdəndir:
"Bunun istehlak qiymətləri səbətinin təhlili göstərir. Belə ki, son 10 ildə Azərbaycanda inflyasiya 5% ətrafında olub. Ötən il isə dünyanın əksər ölkələrində olduğu kimi Azərbaycanda da illik inflyasiya orta göstəricini üstələyib. Həmçinin təhlillər göstərir ki, 2021-ci ildə Azərbaycanda qiymət artımının yarısından çoxu xarici mənşəli xərc amilləri ilə bağlı olub. Ötən il dünyada presidenti olmayan inflyasiya təzyiqləri olub. Əmtəə birjalarındakı qiymət artımı bütün göstəriciləri üstələyib".