“Hyundai-Kia” bu il daha çox avtomobil satmaq istəyir
Cənubi Koreyanın ən böyük avtomobil istehsalçısı “Hyundai Motor” və şirkətə aid “Kia Motors” bu il ümumilikdə 7,6 milyon nəqliyyat vasitəsi satmağı hədəfləyib.
"BI" xəbər verir ki, korporasiya bu hədəfə son 4 ildə xüsusən ABŞ və Çin bazarında zəifləyən satışları dirçəltmək hesabına nail olmaq istəyir. Bu hədəf 2018-ci ildəki satışlardan təxminən 200 min çoxdur. Ötən il 4,6 milyon “Hyundai”, 2,8 milyon “Kia” avtomobili satılıb ki, bu da keçən il üçün müəyyən edilmiş ümumi hədəfdən (7,55 milyon) az olub.
“Hyundai Motor” bu il 13 tam yeni və ya yenilənmiş modeli, o cümlədən lüks “Genesis” və bir neçə yolsuzluq avtomobilini müştərilərə təqdim etməyi planlaşdırıb.
Şirkətin gələcək planlarında 2025-ci ilədək elektrik və hidrogen enerjisi ilə çalışan 44 hibrid modelin bazara çıxarılması da var. “Hyundai Group” təchizatçıları ilə birgə bu sahəyə 6,7 milyard ABŞ dolları sərmayə yatırmağı düşünür.
Yeni layihələrdən biri isə 2021-ci ilədək Cənubi Koreyada sürücüsüz robot-taksilərin istifadəyə verilməsi ilə bağlıdır.
Qeyd edək ki, dünyada avtomobil istehsalına görə beşinci şirkət olan “Hyundai Motor” 2000-ci ilin sentyabrında yaradılıb. Şirkətin 10 ölkədə (Cənubi Koreya, ABŞ, Çin, Rusiya, Hindistan, Braziliya, Meksika, Türkiyə, Çexiya, Slovakiya) 35 zavodu fəaliyyət göstərir. İllik qlobal dövriyyəsi 222 milyard dollara, xalis gəliri isə 12 milyard dollara yaxındır.