Bakcell 3 il ərzində ölkəyə 226 milyon manat həcmində sərmayə yatırıb
Bakcell şirkətinin son 3 il ərzində Azərbaycan iqtisadiyyatına yatırdığı sərmayənin həcmi 226 milyon manat təşkil edir.
Şirkətin fəaliyyətinin davam etməsinə və inkişafına yönəlmiş bu sərmayələr uzunmüddətli perspektivdə ölkənin ümumi daxili məhsulunun həcminə də töhfə verəcək.
Qeyd olunan məbləğin böyük hissəsi telekommunikasiya infrastrukturunun təkmilləşdirilməsinə, regionlarda 4G şəbəkəsinin əhatə dairəsinin genişləndirilməsinə və Qarabağda yüksək keyfiyyətli mobil şəbəkənin qurulmasına xərclənib.
Eyni zamanda genişmiqyaslı Korporativ Sosial Məsuliyyət proqramı həyata keçirən Bakcell şirkəti 3 il ərzində bir sıra sosial layihələrə böyük həcmdə vəsait ayırıb. Buraya şirkətin pandemiya ilə mübarizəyə, İkinci Qarabağ Müharibəsinin təsirlərinin azaldılmasına, Qarabağda bərpa işlərinin aparılmasına və əlilliyi olan uşaq və gənclər üçün bərabər imkanların yaradılmasına yönəlmiş layihələr daxildir.
Bakcell şirkəti ölkədə telekommunikasiya sahəsinin inkişafına öz töhfəsini vermək üçün gələcəkdə də Azərbaycan iqtisadiyyatına iri həcmi sərmayələr yatırmağa davam edəcək. 2021-ci ildə Bakcell şəbəkəsi növbəti dəfə Ookla® tərəfindən "Azərbaycanın ən sürətli mobil şəbəkəsi" adına layiq görülüb. Bu gün Bakcell şəbəkəsi 8700-dən çox baza stansiya sayəsində Azərbaycan əhalisinin 99.9%-ni, ölkə ərazisinin isə 92.4%-ni əhatə edir.