Avropada "enerji yoxsulluğu"
Eurostat məlumatlarına görə, təxminən 31 milyon avropalı enerji yoxsulluğunda, yəni evlərini kifayət qədər isti saxlamaq şansı olmadan yaşayır. Enerji yoxsulluğu indeksinə əsasən, ev təsərrüfatlarının ümumi enerji xərcləri büdcənin 25 faizindən çox olduğu halda enerji kasıbı sayılır.
Avropada artan inflyasiya artıq siyasətçilərə böyük təzyiq göstərir. İnflyasiyaya səbəb olan maddələrin başında enerji qiymətləri dayanır. Enerji qiymətlərində davam edən bu böhran “enerji yoxsulluğu” ilə bağlı müzakirələri alovlandırır. Eurostat məlumatlarına görə, təxminən 31 milyon avropalı enerji yoxsulluğunda, yəni evlərini kifayət qədər isti saxlamaq şansı olmadan yaşayır. Enerji yoxsulluğu indeksinə əsasən, ev təsərrüfatlarının ümumi enerji xərcləri büdcəsinin 25 faizindən çox olduğu halda enerji kasıbı sayılır. Mərkəzi və Şərqi Avropa ölkələrində bu nisbətin 15-20 faizə çatdığı vurğulanır.
Mövzu ilə bağlı EURACTIV-in təşkil etdiyi tədbirdə çıxış edən ekspertlərin əksəriyyəti elektrik və qaz qiymətlərinin çox yüksək həddə çatdığını, atılacaq addımlarda milli şəraitin və sosial təsirlərin nəzərə alınmasının vacibliyini bildiriblər. Avropa Komissiyasının Enerji Departamentində çalışan Adela Tesarova Avropa İttifaqına üzv ölkələrin enerji qiymətlərindən təsirlənən aztəminatlı ailələrə maliyyə dəstəyi verəcəyini və bunun üçün 72 milyard avro dəyərində “sosial iqlim fondu” yaradıldığını xatırladıb. Komissiyanın bərpa olunan enerji və enerji səmərəliliyi kimi uzunmüddətli həll yollarına diqqət yetirdiyini ifadə edən Tesarova, "Bizim enerji yoxsulluğunu ilk dəfə və köklü şəkildə aradan qaldırmaq potensialımız var", - dedi.
Aydındır ki, bu müzakirələr 2022-ci ilin birinci yarısını əhatə edəcək. Təbii qaz qiymətlərinin artması ilə 2021-ci ilin əvvəlində ton başına 30 avro səviyyəsində olan karbon qiymətləri dekabr ayında 90 avro səviyyəsinə çatıb. Müstəqil iqlim və enerji araşdırma mərkəzi olan EMBER-in dərc etdiyi cədvəldə karbon qiymətlərindəki artımın enerji qiymətlərinə az da olsa təsir etdiyi görülür. Əslində, Avropa Komissiyasının sədri Ursula fon der Leyen Twitter-də karbon qiymətləri ilə bağlı edilən tənqidlərə cavab verərək bu qrafiki paylaşdı və "enerji sistemimizi daha möhkəm və dayanıqlı etmək üçün təkliflər verdik", - dedi.