“İlham Əliyevlə razılığa gəlmək çətindir, lakin vədi yerinə yetirir” - Video
Prezident İlham Əliyevin 60 illik yubileyinə həsr olunmuş “PREZİDENT. Təkrarsız diplomatiya” adlı sənədli film hazırlanıb. Filmdə dünya liderlərinin dövlət başçısı barədə açıqlamaları yer alıb.
Məlumata görə, sözügedən dünya liderləri arasında Rusiya Prezidenti Vladimir Putin də var. Putin sənədli filmdə ikitərəfli münasibətlərdə şəxsi əlaqələrin rolundan bəhs edib: “Düşünürəm ki, dövlətlərarası münasibətlər qurulanda həmin ölkələrin birinci şəxslərinin arasında şəxsi əlaqələr həmişə əsaslı rol oynayır. Çünki bu, müəyyən atmosfer yaradır və bu atmosferin etimad adlı tərkib hissəsi çox vacibdir. Əgər liderlər, birinci şəxslər arasında qarşılıqlı etimad yaranırsa, onda bu, bir qayda olaraq, dövlətlərarası səviyyədə də müsbət nəticəyə gətirib çıxarır”.
Putin həmçinin İlham Əliyevlə tanışlığından da danışıb: “Mən axı, hazırkı Prezidentlə hələ onun dövlət başçısı olmadığı – atasının Azərbaycanda hakimiyyətdə olduğu dövrdə tanış olmuşam. Hesab edirəm ki, onun atası nəinki bugünkü müstəqil, suveren Azərbaycanın, həmçinin bizim hamımızın ümumi, keçmiş dövlətimiz, ümumi Vətənimiz – Sovet İttifaqının görkəmli xadimi idi. O, Sovet İttifaqının böyük siyasi xadimi idi və əlbəttə, Vətəni Azərbaycan üçün də görkəmli siyasətçi idi. Bu mənada tam əminliklə demək olar ki, hazırkı dövlət başçısı İlham Heydər oğlu öz atasının xəttini davam etdirir. Buna heç bir şübhə yoxdur. Mənim üçün bu, tam aşkardır, çünki, təkrar edirəm, onun atası ilə də yaxından tanış idim, bu gün isə özü ilə. Bəlkə də bu, irsən keçib, onun çoxlu məziyyətləri var, düzdür, yubilyarlar haqda həmişə belə deyilir- yəqin ki, bu haqda hələ danışacağam.
Ola bilər ki, onunla nədəsə razılığa gəlmək çətin olur. Bu, xüsusilə əsas məsələlərdə asan proses deyil. Lakin razılığa gəlinirsə, tam əmin olun ki, vəd yerinə yetiriləcək. Bu, istənilən insanın əsas xarakterik xüsusiyyətlərindəndir, siyasətlə məşğul olanlar üçünsə ikiqat vacibdir.
Mən onu uzun illərdir tanıyıram. Yüksək vəzifə tutan hər bir ləyaqətli insan kimi, onun həyatının əsas məqsədi, öz ölkəsini, Azərbaycan xalqını xoşbəxt görməkdir. Odur ki, ilk növbədə ona həyat məqsədlərini, həyat münasibətlərini reallaşdırmaqda uğurlu olmasını arzulayıram”.
Sözügedən sənədli filmdə Rusiya Prezidentinin çıxışı olan hissəni təqdim edirik: