Bank

Borcların 81%-i depozitlərdir: Azərbaycanın bank sektoru ilin sonunu necə qarşılayır?

Bu il dekabrın 1-nə Azərbaycanda fəaliyyətdə olan bankların cəmi aktivləri 35,604.5 mln. manat, cəmi öhdəlikləri 30,632.4 mln. manat, balans kapitalı 4,972.1 mln. manat olub. ENA.az xəbər verir ki, ilin əvvəlindən bank sektorunun aktivləri, öhdəlikləri və balans kapitalı müvafiq olaraq 11.1%, 12% və 5.8% artıb.

Aktivlərin 46%-i kredit portfelinin payına düşür. Kredit portfeli noyabr ayında 1.8% (284.7 mln. manat) artaraq 16,282 mln. manat olub (ilin əvvəlindən orta aylıq artım 1.3%). Ümumilikdə, ilin əvvəlindən bankların kredit portfeli 15% və ya 2,125 mln. manat çoxalıb.

Öhdəliklərin strukturunda depozit portfeli üstünlük təşkil edir, belə ki, cəmi öhdəliklərin 81%- i və ya 24,743.6 mln. manatı depozitlərdir. Bankların depozit portfeli noyabr ayında 3% (717.5 mln. manat) artıb (ilin əvvəlindən 19.4% artım). Əhalinin banklarda olan əmanətləri noyabr ayında 1.9% (167.1 mln. manat) artaraq 8,880.9 mln. manata çatıb. Əmanət portfelinin 59.3%-i (5,267.7 mln. manat) məhz fiziki şəxslərin müddətli əmanətləridir. Fiziki şəxslərin əmanətlərinin dollarlaşması ilin əvvəlinə nəzərən 8.9 faiz bəndi azalaraq 41.9% təşkil edib.

2021-ci ilin yanvar-noyabr aylarında banklar 614.1 mln. manat xalis mənfəət, 883.9 mln. manat məbləğində əməliyyat mənfəəti əldə edib. İlin əvvəlinə nəzərən kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş borcların payı noyabr ayında 1.4 faiz bəndi azalaraq 4.7%-ə düşüb. Qeyd olunan göstərici ötən ilin müvafiq dövrünə nisbətən 1.6 faiz bəndi, 2020-ci ilin orta illik göstəricisinə nisbətən 2.7 faiz bəndi azalıb.

Bank sektorunun xarici öhdəlikləri 91.3 mln. manat azalaraq 1,021.8 mln. manat olub. Xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyri-rezident banklarla həyata keçirilən repo əməliyyatlarının həcmindəki azalma ilə əlaqədardır.

Bank sistemi üzrə noyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 185 min ədəd artaraq 10 milyon 858 min ədədə yüksəlib. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 18.8% artıb. Ödəniş kartlarında artım debet kartları üzrə 17.7%, kredit kartları üzrə 27.3% təşkil edib. Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 130 min, kredit kartları 293 min, digər kartlar isə 1.2 mln. ədəd artıb. Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Belə ki, ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin 11 ayı ilə müqayisədə 78.7% böyüyüb. 2021-ci ilin 11 ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 9668 mln. manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 6132 mln.manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 3501 mln. manatı POS-terminallar, 34 mln. manatı isə ATM-lər vasitəsilə gerçəkləşdirilib. Noyabr ayı ərzində ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ümumi əməliyyatların 34.8 %-ni tutub. Bankların ödəniş xidməti şəbəkəsi üzrə dinamik artım müşahidə olunur. Belə ki, keçən ilin noyabr ayının sonu ilə müqayisədə bankomatların sayı 7.2%, POS[1]terminalların sayı 6.7% çoxalıb.

Bu dövr ərzində fəaliyyət göstərən 26 bankın filiallarının sayı 474, şöbələrinin sayı 97, ATM-lərin sayı 2882 olub. Bank sektorunda çalışan işçilərin sayında artım davam edib. İlin əvvəlindən işçi sayı 7.1% (1327 nəfər) artaraq 20035 nəfər təşkil edib (2016-ci ilin fevral ayından ən yüksək göstərici).

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)