Bakıda elektrikli avtobuslar istismara veriləcək
Ötən 6 ildə Bakıda avtobus parkının 34 %-i ekoloji təmiz, “Avro- 6” standartlı, CNG müəhərrikli avtobuslara əvəzlənib.
ENA.az bu barədə Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.
Agentlikdən bildirildiyinə görə, hədəf 2022-ci ilin sonunadək bu rəqəmi 75 %-ə çatdırmaq və elektrikli avtobusları istismara verməkdir.
Dizellə işləyən avtobuslarla müqayisədə CNG ilə işləyən avtobuslardan havaya atılan karbon qazı 30 %, azot dioksid isə 32 % daha azdır.
2015-ci illə müqayisədə 2019-cu ildə avtomobil nəqliyyatından atmosfer havasına atılan çirkləndirici maddələrin həcmi 3,3 % (32,5 ton), adambaşına düşən göstərici isə 5,8 %, yaxud 5,9 kq azalıb.
"Sağlam, ekoloji təmiz nəqliyyat vasitəsi olan velosipeddən istifadə bu gün iqlim dəyişikliyinə töhfə verə biləcək ən uğurlu alternativ nəqliyyat vasitəsidir. Agentlik velosipedin nəqliyyat vasitəsi kimi populyarlaşdırılmasını hədəfləyərək velosiped yolları və zolaqlarının təşkili üzrə də işlər görür. Aktiv mobillik növlərinin təşviqi, rahat piyada hərəkəti və velosiped sürmək üçün şəraitin yaradılması istiqamətində tədbirlər davam etdirilir", - məlumatda deyilir.