“Apple” işçilərinə evdən daha yaxşı işləmək üçün 1000 dollar verir
“Apple” şirkəti korporativ işçilərinin ofislərinə qayıtma tarixini qeyri-müəyyən müddətə təxirə salıb və həmçinin onlara evdə iş şəraitinin yaxşılaşdırılmasına xərclənməsi üçün 1000 dollar verəcək.
Bu barədə “Bloomberg”dən Mark Qurman və NBC News-dan Zoe Şiffer öz “Twitter” səhifələrində yazıblar.
Şirkətin baş direktoru Tim Kuk işçilərə elektron məktub göndərərək işə qayıtma tarixinin “hələ müəyyən edilmədiyini” bidirib. O, həmçinin “Apple”ın bütün işçilərinə “evdən işləməyə” istifadə etmək üçün 1000 dollar verəcəyini açıqlayıb.
“Apple” sözçüsü Nik Lixi “The Verge” nəşrinə nağd pul bonusunu təsdiqləyib. Sözügedən məğləb pərakəndə satış işçilər də daxil olmaqla, hər bir işçiyə ödəniləcək.
Ofislərə qayıtmağın gecikməsi COVID-19 hallarının artması və “Omikron” variantının yayılması ilə əlaqədardır. Bundan əvvəl işçilər fevralın 1-də normal iş şəraitinə qayıtmalı idilər.
“Apple” COVID-19-a yoluxma hallarının artması ilə əlaqədar bu həftə üç pərakəndə satış mağazasını bağlayıb. Çərşənbə axşamı şirkət alıcılardan mağazalarda maska taxmağı tələb etməyə başlayıb.