Ermənistanla Azərbaycan arasında çəkiləcək dəmir yolunun xərci AÇIQLANDI
Azərbaycanla dəmir yolunun iki hissəsinin tikintisi 1,2 milyard dollara başa gələcək.
ENA.az xəbər verir ki, bunu dekabrın 16-da jurnalistlərə müsahibəsində Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan deyib.
O, deyib ki, ən böyük layihə Horadizə gedən yolun tikintisidir ki, bu da 1 milyard dollardan artıq vəsaitə başa gələ bilər.
Kerobyan əlavə edib ki, digər böyük layihə Meqri hissəsində bərpa və ola bilsin ki, təxminən 200 milyon dollara başa gələ biləcək yeni dəmir yolunun tikintisidir.
“Yerasx (Arazdəyən-red.) yaxınlığında Ermənistandan İrana qədər olan hissənin tikintisinə çox az pul xərclənəcək. Söhbət bir neçə yüz metr dəmir yolunun təmirindən gedir”, - deyə nazir bildirib.
O, vurğulayıb ki, bütün dəmir yolu bir anda istifadəyə veriləcəksə, bu, bir neçə il çəkəcək.
Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan dekabrın 16-da hökumətin iclasında Azərbaycan prezidenti ilə Brüssel görüşündə Arazdəyən-Culfa-Ordubad-Meğri-Horadiz dəmir yolunun tikintisi ilə bağlı qərar və razılaşmanı bir daha təsdiqlədiklərini bildirib.