Avropa İttifaqı gələn ilin birinci yarısında 50 milyard avroluq istiqraz buraxacaq
Avropa İttifaqı (Aİ) yeni növ koronavirusun (COVID-19) iqtisadi nəticələri ilə mübarizə üçün hazırlanan bərpa proqramının maliyyələşdirilməsi çərçivəsində 2022-ci ilin birinci yarısında 50 milyard avro dəyərində uzunmüddətli istiqrazlar buraxacaq.
ENA.az xəbər verir ki, Avropa Komissiyası epidemiyanın iqtisadi nəticələri ilə mübarizə üçün hazırlanan “Yeni nəsil Aİ” adlı bərpa proqramının maliyyələşdirilməsi strategiyası çərçivəsində gələn ilin ilk yarısı üzrə istiqrazların buraxılması planını açıqlayıb. Plana əsasən, Aİ gələn ilin yanvar-iyun aylarında ümumilikdə 50 milyard avro dəyərində uzunmüddətli istiqrazlar buraxacaq. Bununla yanaşı, qısamüddətli istiqrazların buraxılması da nəzərdə tutulur.
Beləliklə də, üzv dövlətlərin bərpa proqramları istiqraz buraxılışından təmin ediləcək vəsait hesabına maliyyələşdiriləcək.
Qeyd edək ki, Aİ cari ilin iyun ayından etibarən 71 milyard avro dəyərində istiqraz buraxıb. Avropa Komissiyası bu vəsaitin 54 milyard avrosunu bərpa proqramlarının maliyyələşdirilməsi üçün üzv ölkələrə göndərib.
Aİ bərpa proqramını maliyyələşdirmək üçün 2026-cı ilin sonuna qədər təxminən 800 milyard avro dəyərində istiqraz buraxmağı planlaşdırır. Həmçinin proqram çərçivəsində Aİ-yə üzv ölkələrə 360 milyard avro kredit və 312,5 milyard avro qrant ayrılacaq.