Qarabağ

"Müharibə qanunları"- Ermənistandan maddi tələb nə ola bilər?

Müharibələr və milli fövqəladə hallar dövlətlərin insan hüquqlarına dair bəzi öhdəliklərindən "uzaqlaşmaq" və ya müvəqqəti olaraq həmin öhdəlikləri kənara qoymaq imkanı verir. Buna baxmayaraq, yaşamaq hüququ, işgəncədən, qeyri-insani və ləyaqəti alçaldan rəftardan azad olmaq, mülki əhaliyə və onların mülkiyyətlərinə zərər vurmamaq kimi təməl insan hüquqları heç vaxt kənara qoyulmur. Bunlar, dövlətin təhlükəsizliyinin risk altında olmasına baxmayaraq, yenə də mühüm və əsaslı sayılırlar. Vətən Müharibəsi zamanı Ermənistan Respublikasının həyata keçirdiyi addımlar birbaşa təməl insan hüquqlarına qəsdə yönəlmişdir.  Bu baxımdan müharibədə əldə edilmiş şanlı zəfərdən sonra ölkəmizin qarşısında duran əsas məqsədlərdən biri yuxarıda qeyd etdiyimiz kimi, Ermənistan Respublikasının işğal müddətində və müharibə dövründə vurduğu zərərin əvəzinin beynəlxalq hüquq norma və prinsiplər əsasında tələb etməkdir. Bəs, bunu tələb etmək üçün beynəlxalq hüquq normaları qayda və prosedurlar müəyyənləşdirib? İlk öncə qeyd etmək lazımdır ki, müharibə dövründə müharibə edən tərəflərin hərəkətlərinə, məsələn, müharibə əsirləri ilə rəftar, mülki əhalinin hədəf seçilməsi və yaralılara tibbi yardım göstərilməsi ilə bağlı məhdudiyyətlər qoyan müəyyən qanunlar mövcuddur. "Müharibə qanunları" əsasən Cenevrə Konvensiyaları kimi tanınan beynəlxalq humanitar qanunla tənzimlənir.  

Qeyd etmək lazımdır ki, Ermənistan Respublikası tərəfindən işğal müddətində və müharibə dövründə vurulan zərərin əvəzinin tələb edilməsini mümkün edən bir sıra beynəlxalq müdafiə vasitələri mövcuddur. Gəlin, həmin müdafiə vasitələrinə və onların prosedurlarına qısa nəzər salaq:

 

Azərbaycan Ermənistana qarşı

Avropa İnsan hüquqları Məhkəməsinə (bundan sonra AİHM) müraciət etmək. Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi qanunsuzluqlardan müdafiə edilməsi üçün müraciət edəcəyimız qurumlardan biri AİHM-dir. Bu məhkəməyə müraciət edilə bilməsi üçün 2 şikayət forması fərqləndirilir:

  • Fərdi şikayət.
  • Dövlətlərarası şikayət.

Nəzər salsaq görərik ki, AİHM-nin icraatında olan şikayət ərizələrinin böyük əksəriyəti fiziki şəxslər tərəfindən göndərilən ərizələrdir və onlar fərdi xarakter daşıyır. Bununla belə, İnsan Hüquqları və Əsas Azadlıqların Qorunması barədə Konvensiyanın 33-cü maddəsinə əsasən, Razılığa gələn hər hansı Yüksək Tərəf Razılığa gələn digər Yüksək Tərəfin Konvensiyanın və ona dair Protokolların müddəalarını hər hansı şəkildə pozması iddiası ilə Məhkəməyə müraciət edə bilər. Bu şikayətlər dövlətlərarası şikayət hesab olunur. AİHM-də belə praktikalara azda olsa rast gəlmək mümkündür. Təqdim edilmiş məlumatlara əsasən,  Azərbaycan Respublikası tərəfindən 2021-ci ilin yanvar ayında Ermənistan Respublikasına qarşı dövltələrarası şikayətlə AİHM-nə müraciət edib. Qeyd etmək lazımdır ki, 2008-ci ildə Gürcüstanın bir sıra ərazilərinin daha dəqiq desək Cənubi Osetiya və Abxaziyanın Rusiya tərəfindən işğal etməsi və nəticədə öz vətəndaşlarının hüquqlarının kütləvi şəkildə pozulasını iddia edərək Rusiyaya qarşı dövlətlərarası şikayətlərlə AİHM-nə müraciət etmişdir. Həmçinin analoji qaydada Ukrayna Respublikası da Dombasda baş vermiş hadisələr, o cümlədə də Krımın işğal edilməsi zamanı baş vermiş pozuntular ilə bağlı Rusiyaya qarşı dövlətlərarası şikayətlərlə AİHM-nə müraciət etmişdir. Azərbaycan da qeyd etiyimiz kimi, Ermənistana qarşı dövlətlərarası şikayətlərlə AİHM-nə müraciət edib. Bu formada edilmiş şikayətlərlə vurulmuş zərərə görə müvafiq təzminat tələb oluna bilər. Lakin nəzərə almaq lazımdır ki, AİHM-də bilavasitə dövlətin əmlakının, mənafeyinin maraqlarının pozulması ilə bağlı şikayətlərə  baxılmır. AİHM-də həmin dövlətin vətəndaşlarının, ərazisində yaşayan insanların hüquq və azadlıqları ilə bağlı məsələlərə baxılır. Dövlətin ərazi bütövlüyü, süverenliyi, sərhədlərinin toxunulmazlığı kimi prinsiplərin pozulması ilə bağlı məsələlər AİHM-in yurisdiksiyasına aid edilmir.

 

Tələb nə ola bilər?

President hüququna nəzər salsaq görərik ki, Kipr Türkiyəyə qarşı dövlətlərarsı şikayələrlə AİHM-nə müraciətlər etmişdir. Qeyd etmək lazımdır ki, AİHM tərəfindən Türkiyəyə qarşı qəbul edilmiş qərarla İnsan Hüquqları və Əsas Azadlıqların Qorunması barədə Konvensiyanın 2, 3, 5, 6, 7, 8, 9, 10, 13. Maddələri ilə,  1 saylı Protokolun 1 və 2-ci maddələrinin pozuntusunun baş verdiyi qənaətinə gəlinmiş və Türkiyə tərəfindən hüquqları pozulmuş şəxslərə 90 milyon euro məbləğinə təzminat ödəməli olduğu qeyd edilmişdir.

Bu presedent hüquqlarından istifadə edərək Azərbaycan Respublikası Ermənistana qarşı AİHM-ə müraciət edərək işğal dövründə və müharibə zamanı vətəndaşlarına vurulmuş zərərin əvəzini tələb edə bilər. Lakin bu zaman yuxarıda da qeyd etdiyimiz kimi, məhz vətəndaşlara vurulmuş zərərin əvəzi tələb edilə bilər. Azərbaycan ərazisinin bir hissəsinin uzun müddət Ermənistanın işğalı altında saxlanılması, o cümlədən həmin ərazidə kütləvi şəkildə Azərbaycan dövlətinə məxsus torpaqların istifadəsi nəticəsində vurulmuş zərər tələb edilə bilməz.

 

“Çıraqov və başqaları Ermənistana qarşı”

AİHM-nə müraciət edilməsinin bir forması da fərdi şikayətlərdir. Bu şikayət formasında da Ermənistanın vurduğu zərərin əvəzinin ödənilməsinin tələb edilməsi mümkündür. AİHM-nin presedentlərinə nəzər salsaq, bu formada analoji şikayətlər üzrə qəbul edilmiş qərarlara  rast gəlmək mümkündür. Buna bariz misal olaraq, AİHM-nin “Çıraqov və başqaları Ermənistana qarşı” iş üzrə qəbul etdiyi qərarı göstərə bilərik. Həmin iş bir neçə baxımdan olduqca vacibdir:

İlk olaraq həmin qərarda qeyd olunur ki, dövlətlər milli sərhədləri daxilində və ya kənarda törədilməsindən asılı olmayaraq, hakimiyyət orqanlarının ərazilərindən kənarda nəticələr doğuran hərəkətlərinə görə cavabdeh hesab oluna bilərlər.

Həmin qərarla daha sonra müəyyən edilir ki, Ərizəçilərə öz mülkiyyətlərinə sahib olma və ya kompensasiya almalarına icazə verilməməsində Ermənistan haqlı deyil. Sülh danışıqlarının aparılması heç də Ermənistan hökumətini tədbirlər görməkdən azad etmir.

“Çıraqov və başqaları Ermənistana qarşı” Qərarda AİHM BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və Azərbaycanın digər ərazilərinin işğalı ilə bağlı çıxartdığı 4 Qətnaməsi, Avropa Şurası Parlament Assambleyasının 2005-ci ildə qəbul etdiyi 1416 saylı Qətnaməsini, eləcə də Laçın rayonun Ermənistan tərəfindən işğal edilməsi ilə əlaqədar digər beynəlxalq təşkilatların hesabat və qeydlərini də nəzərə alaraq, Dağlıq Qarabağda baş verən insan hüquqları pozuntularına görə beynəlxalq hüquqi məsuliyyətin Ermənistan dövlətinin üzərinə düşdüyünü tanıyıb.

Həmçinin qeyd etmək lazımdır ki, 2011-ci ildə AİHM “Əl-Skeyini və Başqaları - Böyük Britaniyaya qarşı” iş üzrə qəbul etdiyi Qərarda Böyük Britaniyanın İraqın Bəsrə şəhərində təhlükəsizlik əməliyyatları apararkən bir sıra mülki şəxslərlə davranışında İnsan Hüquqları üzrə Avropa Konvensiyasının yaşamaq hüququnu təmin edən 2-ci maddəsini pozduğunu müəyyən etdi. Bu, Avropa Konvensiyasının müharibə dövründə, xarici ərazilərdə və Konvensiyanı imzalamış olan bütün regionda effektiv nəzarətə malik olduğunun aşkar olunmasında ilk belə iş idi.  Məlumdur ki, müharibə dövründə Ermənistan Respublikası tərəfindən ölkəmizdə mülki vətəndaşlara məxsus obyektlərin hədəf alınması nəticəsində mülki vətəndaşlarımız arasında həlak olan və yarananlar olmuşdur.

Human Rights Watch təşkilatı tərəfindən hazırlanmış 11 dekabr 2020-ci il tarixli məruzədə də qeyd olunmuşdur ki, 2020-ci ilin sentyabr-noyabr aylarında baş vermiş müharibə zamanı Ermənistan hərbi qüvvələri qeyri-qanuni olaraq Azərbaycana qarşı hərbçilər və mülki əhali arasında fərq qoymadan kasetli silahlardan istifadə edib.

Avropa Konvensiyanın 15-ci maddəsi  tərəf dövlətləri müharibə zamanı Konvensiyanın bəzi müddəalarından geri çəkilməsinə dövlətlərin beynəlxalq hüquqa müvafiq digər öhdəliklərinə beynəlxalq humanitar hüquqa da zidd olmamaq şərti ilə icazə verir.

Həmçinin qeyd etmək lazımdır ki, İnsan Hüquqları və Əsas Azadlıqların Qorunması barədə Konvensiyanın tələblərinə əsasən, AİHM-nə müraciət etmək üçün ölkədaxili müdafiə vasitələrini tükəndirmək, yəni ilk öncə ölkədaxili məhkəmələ müraciət etmək lazımdır. Lakin “Çıraqov və başqaları Ermənistana qarşı” iş üzrə qərarında AİHM qeyd etmişdir ki, uzunmüddətli münaqişə kontekstində mülkiyyət və ya evə hörmət hüququ pozuntusunun davam etməsi iddiasından getdikdə, dəyişməyən vəziyyət qarşısında passiv qalmaq artıq əsaslandırıla bilməyəcəyindən, ərizəçinin işini təqdim etməli olduğu vaxt çata bilər. Ərizəçinin yaxın gələcəkdə mülkiyyətinə və evinə çıxış imkanının bərpası üçün heç bir real ümidin olmadığının fərqinə vardığı və ya varmalı olduğu vaxtdan sonra ərizənin verilməsinin üzrsüz səbəbdən və ya ifrat gecikdirilməsi ərizənin müddətinin ötməsi səbəbindən rədd edilməsinə gətirib çıxara bilər. Vəziyyətin sabitləşməsini gözləmək, ərizəçilərə ölkə səviyyəsində həll yoluna nail olmaq üçün ətraflı məlumat toplamaq imkanı vermək məqsədilə münaqişə sonrası mürəkkəb vəziyyətdə vaxt çərçivələri geniş olmalıdır. Həmin Qərarda AİHM ölkədaxili müdafiə vasitələrini effektiv olmadığını əsas götürərək birbaşa AİHM-nə müraciət etməyin mümkünlüyünü qəbul etmişdir.

Qeyd etmək lazımdır ki, “Çıraqov və başqaları Ermənistana qarşı” iş üzrə qərarı qəbul edilərkən torpaqlarımız Ermənistanın işğalı altında olmuşdur. Vətən Müharibəsi gedişatında bu işğala son qoyulmuş və torpaqlarımız erməni işğalından azad edilmişdir. Bu isə hazırkı mərhələdə ölədaxili müdafiə vasitələrini tükəndirməyə ehtiyac olub-olmaması ilə bağlı sual yarada bilər. Bununla bağlı işlərdə AİHM (Seydoviç İtaliyaya qarşı [BP], § 46; Paksas Litvaya qarşı [BP], § 75) qeyd edir ki, ərizəçilərdən yalnız müvafiq dövrdə nəzəriyyədə və praktikada mövcud olan, birbaşa müraciət edə biləcəkləri, yəni əlçatan olan, pozuntunu aradan qaldıra biləcək və işin müsbət həlli üçün ağlabatan perspektiv vəd edən hüquq müdafiə vasitələrini tükəndirmək tələb olunur. Torpaqlar işğaldan azad edilsə belə hazırkı mərhələdə belə ağlabatan, perspektiv vəd edən müdafiə vasitələri mövcud deyil. Belə ki, Azərbaycan və Ermənistan arasında hüquqi yardımla bağlı hər hansı bir müqavilə mövcud deyil. Həmçinin Ermənistan tərəfindən qanun pozuntusuna yol vermiş şəxslərin məsuliyyətə cəlb olunacağı real deyil.

Yuxarıda qeyd olunanlardan aydın olur ki, fiziki və hüquqi şəxslər ölkədaxili müdafə vasitələrini gözləmədən fərdi şikayətlərlə AİHM-nə müraciət edərək “Çıraqov və başqaları Ermənistana qarşı”, “Əl-Skeyini və Başqaları - Böyük Britaniyaya qarşı” və digər qərarlar əsasında formalaşmış məhkəmə təcrübəsinə əsalanaraq 44 gün müddətində davam edən Vətən Müharibəsi zamanı vurulmuş zərərin əvəzinin ödənilməsini tələb edə bilərlər.

 

Beynəlxalq Ədalət Məhkəməsi

 Beynəlxalq hüquq normaları və prinsiplərinin pozulması və hərbi cinayətlərə qarşı Beynəlxalq Məhkəmə haqqında BMT Nizamnaməsində göstərilir ki, Beynəlxalq Məhkəmə BMT-nin əsas məhkəmə orqanıdır. O, bu Nizamnaməyə əlavə olunan, Daimi Beynəlxalq Ədalət Məhkəməsinin Statutuna əsaslanan və bu Nizamnamənin ayrılmaz tərkib hissəsini təşkil edən statusa uyğun olaraq fəaliyyət göstərir. Həmçinin qeyd etmək lazımdır ki,  BMT Baş Assambleyası tərəfindən 16 dekabr 2005-ci ildə qəbul edilmiş 60/147 saylı "Beynəlxalq humanitar hüququn ciddi pozuntuları və insan hüquqları sahəsində beynəlxalq normaların ciddi pozuntularının qurbanları üçün zərərin ödənilməsi və hüquqi müdafiə hüququna aid əsas prinsiplər və rəhbəredici müddəalar" adlı qətnamə ilə bir daha təsdiq olunmuşdur. Bu qətnamənin "Vurulmuş zərərin ödənilməsi" adlı IX fəslinin 18-ci bəndində göstərilir ki, beynəlxalq hüquqa və ölkələrin milli qanunvericiliyinə görə, həm də konkret halları nəzərə alaraq, insan hüquqları sahəsində beynəlxalq normaların ciddi pozuntularının və beynəlxalq humanitar hüququn ciddi pozuntularının qurbanlarına və pozuntunun ciddiliyinə və hər bir hala müvafiq müəyyən olunmuş qaydada zərərin tam və effektiv ödənilməsi restitusiya, kompensasiya, reabilitasiya, satisfaksiya və baş vermiş hadisənin təkrarlanmaması zəmanəti formalarında ola bilər.

Yerigəlmişkən, Azərbaycan Respublikası tərəfindən Beynəlxalq Ədalət Məhkəməsinə müraciət etmişdir. Həmin şikayətdə qeyd olunur ki, Ermənistan azərbaycanlılara qarşı milli və ya etnik mənşəyinə görə bir sıra ayrı-seçkilik hərəkətləri edib və etməkdə davam edir.  Azərbaycan Resoublikasının şikayətində qeyd olunur ki, Ermənistanın həm birbaşa, həm də dolayı yolla etnik təmizləmə siyasətini davam etdirir və nifrəti qızışdırır, azərbaycanlılara qarşı etnik zorakılıq, nifrət dolu ifadələrdən istifadə və irqçi təbliğat hökumət səviyyəsində aparılır.

Qeyd etmək lazımdır ki, təcrübədə bir çox hallarda vətəndaşlarımız Beynəlxalq Ədalət Məhkəməsi ilə Beynəlxalq Cinayət Məhkəməsini qarışıq salırlar. Beynəlxalq Cinayət Məhkəməsinin yaradılması üzrə BMT-nin himayəsi altında səlahiyyətli nümayəndələrin diplomatik konfransı İtaliyanın paytaxtı Roma şəhərində 15 iyun-17 iyul 1998-ci il tarixlərində Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu təsdiq etmişdir. Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutuna uyğun olaraq Məhkəmənin yurisdiksiyası “bütünlükdə beynəlxalq ictimaiyyətin narahatlığına səbəb olan təhlükəlilik dərəcəsinə görə mövcud cinayətlərlə məhdudlaşır  və hazırda üç cinayət növünü əhatə edir:

  • soyqırım;
  • müharibə cinayətləri;
  • insanlıq əleyhinə cinayətlər;

Yerinə düşər xatırladaq ki, Azərbaycan Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutunu imzalamamışdır və ölkəmiz bu beynəlxalq təşkilatın subyekti deyildir. Bu baxımdan Azərbaycanın Beynəlxalq Cinayət Məhkəməsinə müraciət etməsi mümkün deyildir.

 

Ayrı-ayrı dövlətlərin məhkəmələrində iddialar qaldırmaq

Həmçinin məlum olduğu kimi, Qarabağın 30 ilə yaxın Ermənistanın işğalı altında qaldığı müddət ərzində həmin ərazilərdə Ermənistan tərəfinin apardığı işlər bir çox hallarda digər dövlətlərə məxsus olan şirkətlər tərəfindən həyata keçirilib. Məlumatlara əsasən, daha çox Böyük Britaniya, Fransa, İran, ABŞ, Rusiya, İsveçrə, Almaniya, Hollandiya və digər dövlətlərin şirkətləri Ermənistan tərəfindən işğal edilmiş ərazilərə investisiya yatıraraq Azərbaycanın sərvətlərini tam qanunsuz olaraq istismar ediblər. Bunun nəticəsində dövlətimizə vurulmuş zərərin məbləği milyardlarla ölçülür.  Həmin şirkətlər işğal altında saxlanılan ərazilərin Azərbaycan Respublikasına məxsus olduğunu çox gözəl bilirdi. Belə ki, bütün beynəlxalq hüquq və prinsiplər həmin əraziləri Azərbaycan Respublikasına məxsusluğunu tanıyırlar. Bu isə bir daha qanunsuz fəaliyyət göstərib həm özləri külli miqdarda gəlir əldə edən, həm də Ermənistan Respublikasına investisiya qoyan həmin şirkətlərin məsuliyyət daşıdığını deməyə əsas verir. Vurulmuş zərərin əvəzinin tələb olunmasının bir üsulu da, həmin şirkətlərin məxsus olduğu dövlətlərin məhkəmələrinə müraciət etməkdir. Bunun üçün öncə həmin şirkətlərin konkret dairələrinin və məxsus olduqları dövlətlərin müəyyən edilməsinə ehtiyac var. Bundan sonra həmin dövlətlərin məhkəmələrində iddialar qaldıraraq zərərin əvəzinin həmin şirkətlərdən tələb olunması mümkündür.

Yuxarıda qeyd olunanlardan aydın olur ki, Ermənistan Respublikası tərəfindən işğal müddətində və müharibə dövründə vurduqları zərərin əvəzinin tələb edilməsini mümkün edən prosedurlar mövcuddur. Həm Azərbaycan Respubplikası özü, həm də zərər çəkmiş ayrı-ayrı fiziki və hüquqi şəxslər bununla bağlı yuxarıda qeyd olunan məhkəmələrə müraciətlər edə bilərlər.

 

Məmişov Anar Mövsüm oğlu, vəkil.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)