“Sürət 300 km-ə qədər artırıla bilər”
Bakı-Gəncə üzrə sərnişin qatarı əvvəl 8 saata, bu gün isə 5 saat 30 dəqiqəyə gedir. Yeni sürət qatarında isə bu 4 saat 30 dəqiqədir.
"BI" xəbər verir ki, bunu "Azərbaycan Dəmiryolları" QSC-nin sədri Cavid Qurbanov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, gələcəkdə bu vaxt 3 saat yarıma qədər azaldıla bilər:
"Birdən-birə risk etmək istəmirik. Yol üstündə keçidlər olur. Piyadalar qatar yollarının üstündən keçirlər. Maşinist ya sürətini yavaşlatmalıdır, ya da piyadanın üstünə keçməlidir . Əsas məsələ təhlükəsizlikdir. Bunun üçün yol kənarında keçidlər bağlanmaldır. Konfliktsiz yol keçidlərinə keçilməlidir, yəni maşın keçidin altından, qatar isə üstündən keçir.
C.Qurbanov Bakı-Gəncə marşrutu üzrə qatarların hərəkət sürəti barədə də danışıb. O qeyd edib ki, sınaq müddətində sürət saatda 159 kilometrə qalxıb".
Sədr barəsində səsləndirilən ittihamlara da cavab verib:
"Bəziləri deyir "Cavid Qurbanov sözünün üstündə durmur, dediyi söz yalan çıxır" deyir. Mən onlara mesaj göndərirəm ki, mən sözümün üstündə dayanıram. Çünki mən İlham Əliyevin komandasındayam. Bu açılış da prezidentin vətəndaşlara yeni il hədiyyəsidir. Sınaq və hərəkətin tənzimlənməsi ayrı-ayrı şeylərdir. Hazırda sürət saatda 130 -135 km-dir. Qatarın texniki imkanları saatda 300 km-ə qədər hərəkətə icazə verir. Biz layihəni edəndə yolun maksimal sürətini 160 km qədər qoymuşuq. Gələcəkdə bu sürətin artımına doğru gedəcək".
Sədr qeyd edib ki, Bakı-Gəncə marşrutu üzrə qatarlarda gediş haqqının artırılması nəzərdə tutulmayıb. "Bu marşrut üzrə 3 dayanacaq nəzərdə tutulub. Bu da tələbata uyğun tənzimlənəcək. Yevlaxda, Goranda, Gəncədə dayanacaq. Yevlaxda Qarabağ zonası, Şəki-Balakən istiqamətində gedənlər düşəcək. Gorana yaxın Naftalan kurort mərkəzi olduğu üçün turist axını çoxdur. Ora qazaxlar, türklər, həmçinin ərəblər daha çox gəlir".