İran: “Bombaların anası” nüvə fəaliyyətlərimizi dayandıra bilməz
İran İslam İnqilabı Keşikçiləri Korpusunun sözçüsü Hüseyn Mühibbi ABŞ-ın “bombaların anası” adlandırılan güclü qeyri-nüvə bombasından istifadə etməsinin ölkənin nüvə fəaliyyətlərini dayandırmayacağını bildirib.
ENA.az xəbər verir ki, Mühibbi İranın Tələbə Xəbər Agentliyinə açıqlamasında ABŞ və İsrailin İrana yenidən hücum edə biləcəyi ehtimalını şərh edib. O, mümkün hücumun İranı təslim olmağa məcbur etməyəcəyini və Hörmüz boğazının yenidən açılmasını təmin etməyəcəyini iddia edib.
Mühibbinin sözlərinə görə, belə bir hücum ABŞ-ın İranın raketlərinin mənzilini azaltmaq məqsədinə də çatmasına imkan verməyəcək. O, yeni müharibənin qlobal iqtisadiyyata ciddi təzyiq göstərə biləcəyini vurğulayıb.
İranlı rəsmi Hörmüz boğazının bağlı qalmasının dünya iqtisadiyyatına təsirlərinə diqqət çəkib. Onun bildirdiyinə görə, Fars körfəzindən gündəlik 5 milyon ton kimyəvi gübrə ixrac olunur və tədarükün pozulması kənd təsərrüfatı məhsullarının qiymətlərinin artmasına səbəb ola bilər. Mühibbi həmçinin dünya alüminiumunun təxminən 10%-nin Hörmüz boğazı vasitəsilə daşındığını qeyd edib.
Qeyd edək ki, GBU-43/B (MOAB) ABŞ arsenalındakı ən güclü qeyri-nüvə bombası hesab olunur. Onun İrana qarşı mümkün istifadəsi ilə bağlı məlumatlar ABŞ mediasında yayılıb, lakin bu, hücumun həyata keçiriləcəyi barədə təsdiqlənmiş qərar demək deyil.


















