“Omicron” ştamı dünyaya nə vəd edir?
Xəbər verdiyimiz kimi, ilk dəfə Cənubi Afrikada aşkar edilən COVID-19-un "Omicron" ştamı bütün dünyada yayılmağa davam edir.
“Omicron” nədir, onun simptomları necədir?” sualı hazırda internetdə ən çox axtarılan mövzulardan biridir.
“B.1.1.529” kimi tanınan ştamın yeni adı “Omicron” olub. Dünəndən etibarən dünyada əsas mövzulardan biri “Omicron” ştamıdır.
Ölkələr təşviş vəziyyətində bir-birinin ardınca tədbirlər görür. Yeni ştamla bağlı qorxulu detallar bir-bir ortaya çıxmağa başlayıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən verilən yazılı açıqlamada, “B.1.1.529” adlı yeni mutasiyasının adını dəyişərək "Omicron" adlandırdığını qeyd edib.
ÜST bu mutasiyanın digər ştamlara nisbətən daha yoluxucu olduğunu bildirib:
“Bu ştamda çoxlu sayda mutasiya var, bəziləri həyəcanvericidir. İlkin tapıntılar yeni mutasiyanın daha yüksək ötürülmə riski daşıdığıdır".
Yeni ştamın peyvəndin effektivliyini azaldacağı və ya təbii toxunulmazlığı olanlara təsir edəcəyi ilə bağlı narahatlıqlar var.
ÜST ilkin təsbitlərə görə, bu ştamın insanları yenidən xəstələndirmək potensialına malik olduğunu açıqlayıb.
Cənubi Afrikadakı Epidemik Müdaxilə və İnnovasiya Mərkəzinin direktoru Tulio de Oliveyra virusun insan hüceyrələrinə yapışan və onun daxil olmasına imkan verən hissəsi olan sünbül zülalında 30-dan çox mutasiya olduğunu söyləyib:
"Yaxşı xəbər budur ki, bu ştam PCR testi ilə də aşkar edilə bilər".
Onun sözlərinə görə, diaqnostika laboratoriyaları yeni ştamı tez bir zamanda müəyyən edə bilir.
Mütəxəssislər bildirirlər ki, yeni ştam peyvəndlərin effektivliyini məhdudlaşdırsa belə, vaksinlərin təmin etdiyi mühafizəni tamamilə aradan qaldırmaq mümkün deyil.
ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri Cənubi Afrikada aşkar edilən “Omicron” ştamının ABŞ-da bu günə qədər aşkar edilmədiyini açıqlayıb.
Nyu-York qubernatoru Keti Hoçul yeni ştama artan infeksiya və xəstəxanaya yerləşdirilmə nisbətlərinə istinad edərək "fəlakət fövqəladə vəziyyət" açıqlaması verib.
Kanada hökuməti yeni “Omicron” ştamına qarşı gücləndirilmiş sərhəd tədbirləri həyata keçirəcəyini açıqlayıb.
ABŞ, Aİ və Türkiyə də daxil olmaqla, bir çox ölkələr Cənubi Afrikadan uçuşları məhdudlaşdırıb. Cənubi Afrika ilə həmsərhəd olan ölkələr sərhədlərini bağlayıb. Əvvəlki ştamlardan dərs götürən dünya yeni “müharibəyə” hazırlaşır.
Yeni ştamla bağlı ən böyük narahatlıqlardan biri peyvəndin effektivliyinin azalması ilə bağlıdır.
Mövzu ilə bağlı peyvənd şirkətləri bir-birinin ardınca açıqlamalar verib.
Şirkətlər yeni ştam üzərində sınaqların bir neçə həftə çəkəcəyini açıqlayıblar.
ÜST-nin “Omicron” açıqlamasından sonra “BioNTech” ilə peyvənd hazırlayan “Pfizer” ilk açıqlama verib.
“Pfizer” sözügedən ştamın mRNA peyvəndində "qaçış variantı" olub-olmayacağı ilə bağlı daha çox məlumatın lazım olduğunu bildirib.
“Pfizer” və “BioNTech”in altı həftə ərzində peyvənddə lazımi dəyişiklikləri etmək və peyvənd göndərmək qabiliyyətinə malik olduğunu açıqlayıb.