İnşaat və əmlak

İstismar edilən sahələrin torpaq vergisi qədər mədən vergisi azaldılacaq - VERGİDƏ DƏYİŞİKLİKLƏR

Azərbaycanda geoloji ayırma sənədi əsasında faydalı qazıntı yataqlarının (neft və qaz yataqları istisna olmaqla) axtarışı, qiymətləndirilməsi və kəşfiyyatı işlərinə cəlb edilən torpaq sahələrinə görə torpaq vergisinin müvafiq təsdiqedici sənədlər əsasında 75% azaldılması təklif olunub.

Dövlət Vergi Xidmətindən  verilən məlumata görə, qeyd olunan məsələ Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdə öz əksini tapıb ki, dəyişiklik qəbul edildiyi təqdirdə, dağ-mədən işlərinin görülməsi məqsədilə geoloji kəşfiyyat və tədqiqat işlərinin aparılması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ayrılan sahələrin tədqiqat və kəşfiyyat müddətində azaldıcı əmsallar tətbiq olunmaqla torpaq vergisinin hesablanmasının həyata keçirilməsi investorlar üçün vergi və maliyyə yükünün azalması ilə nəticələnəcək və gələcək hasilatadək xərclərin optimallaşdırılması baş verəcək.

Vergi Məcəlləsinə təklif edilən digər dəyişiklik hasilat sənayesi iştirakçılarına vergi dəstəyinin verilməsidir. Belə ki, neft və qaz istisna olmaqla, digər faydalı qazıntılara görə vergi ödəyicisi tərəfindən təqvim ili üzrə hesablanan mədən vergisinin məbləğinin həmin faydalı qazıntıların çıxarıldığı torpaq sahələrinə görə hesablanan və ödənilən torpaq vergisinin məbləğindən çox olmamaqla azaldılması nəzərdə tutulur.

Məlum olduğu kimi, mədənçıxarma sənayesinin iştirakçıları tərəfindən yerin təkindən çıxarılan faydalı qazıntılara görə mədən vergisinin ödənilməsi qanunvericilikdə təsbit edilib. Filiz və qeyri-filiz faydalı qazıntılar hasil edən vergi ödəyiciləri real sektorun iştirakçıları olduğundan və hazırda qeyri-filiz faydalı qazıntıları tikinti sektorunda və sement istehsalı sahəsində xüsusi əhəmiyyət daşıdığından, bu sahədə fəaliyyət göstərən vergi ödəyicilərinin xərclərinin vergi yolu ilə optimallaşdırılması vasitəsilə hasilat sənayesi iştirakçılarına vergi dəstəyinin verilməsi təklif olunur. Hasil edilən faydalı qazıntıların maya dəyəri çəkilən xərclər hesabına formalaşdığından, istismar olunan sahələrə görə torpaq vergilərinin hesablanması da xərc elementi hesab edilir. Eyni sahə həm istifadədə olduğu, həm də istismar edildiyi üçün mədən və torpaq vergisinə cəlb olunur.

Beləliklə, müzakirədə olan dəyişikliklərin qəbul ediləcəyi halda, bu sahədə investisiya mühitinin cəlbediciliyi artacaq. Belə ki, torpaq qatından istifadə edilərək mədən vergisi hesablandığından, istismar edilən sahələrin torpaq vergisi qədər mədən vergisi azaldılacaq ki, bu da vergi ödəyicilərinin fəaliyyətini stimullaşdırmaqla yanaşı, xərc elementinin səviyyəsinin aşağı düşməsinə səbəb olacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)