COVID-19-un “ildırımsürətli” yeni dalğası barədə xəbərdarlıq edilib
Fransada koronavirusun yayılmasının beşinci dalğası “ildırım sürəti ilə başlayır”.
ENA.az xəbər verir ki, bu barədə hökumətin nümayəndəsi Qabriel Attal məlumat verib.
O, virusa yoluxanların sayında həftəlik artımın demək olar ki, 80% təşkil etdiyini, hər 100 min nəfər düşən yoluxanların sayının isə yeddi gündən az müddətdə 100-dən 164-ə yüksəldiyini vurğulayıb.
Noyabrın 13-də ölkədə sutkada 9 458 nəfər koronavirusa yoluxub, noyabrın 20-də bu göstərici artıq 17 153 nəfərə çatıb. Mütəxəssislərin fikrincə, belə bir artım pandemiyanın sürətlə inkişaf etməsindən xəbər verir.
“Biz infeksiyanın inkişaf etdiyini görürük, lakin eyni zamanda Fransada vaksinasiya nisbətinin yüksək olduğunu bilirik”, – deyə mesajda bildirilir. Buna baxmayaraq, belə bir vəziyyətdə səlahiyyətlilər peyvənd sertifikatları üzərində nəzarəti daha da gücləndirəcəklər.
Xatırladaq ki, iyulun sonunda Fransa parlamenti koronavirusun yayılmasının qarşısını almaq üçün ölkədə insanların təhlükəsizliyini təsdiq edən “sanitar keçidlər” haqqında qanun layihəsini qəbul edib.
Avqustun əvvəlindən bu cür keçidlər məcburi olub. Onlarla ticarət mərkəzlərinə, kafe və ya restoranlara, muzeylərə, əyləncə parkların, kinoteatrlara getmək mümkündür.
Noyabrın əvvəlində Fransa hökuməti “sanitar keçid” rejiminin müddətini 2022-ci il iyulun 31-dək uzadıb. Qərar infeksiyanın yayılma riskinin davam etməsinin qarşısının alınması məqsədilə qəbul edilib.