Mərkəzi Bankdan manat bəyanatı
Manatın məzənnəsini müəyyən edən başlıca amillər açıqlandı
2019-cu ildə Manatın məzənnəsi dövlətin valyuta satışı və idxal, xarici borc, kapital axınları, beynəlxalq vəziyyətin balansından asılı olacaqdır.
“BI”nın məlumatına görə, bu Mərkəzi Bankın 2019-cu il və ortamüddətli dövr üçün pul siyasətinin əsas istiqamətləri barədə Bəyanatından məlum olur.
Bəyanatda bildirilir ki, 2019-cu ildə Manatın ikitərəfli məzənnəsinin dinamikası növbəti ildə də aşağı inflyasiyanın vacib şərtlərindən biri olacaqdır: “Hesablamalar göstərir ki, manatın möhkəmlənməsinin qiymətlərə azaldıcı təsiri ilə müqayisədə onun ucuzlaşmasının inflyasiyaya artırıcı təsiri daha yüksəkdir. Bu baxımdan milli valyutanın məzənnəsinin dayanıqlığı qiymətlər sabitliyinin “lövbərləşməsi”nin təmin edilməsinin başlıca şərtidir”.
Bəyanatda qeyd edilib ki, valyuta bazarının tarazlığını təmin edən başlıca amil dövlətin valyuta təklifi ilə iqtisadiyyatın valyutaya olan tələbinin əsas komponentləri arasındakı tarazlıq olacaqdır: “Valyuta tələbi dövlət xərclərindən təsirlənən idxal dinamikası, xarici borc axınları və kapital hesabının saldosu, habelə beynəlxalq konyunkturun dolayı effektlərindən təsirlənəcəkdir. Manatın məzənnəsinin uzunmüddətli meylini məhz bu makroiqtisadi fundamentallar müəyyən edir”.
Qısası, Manatın ucuzlaşması üçün dövlətin valyuta təklifi (valyuta satışı) azalmalı, eyni zamanda idxal, xarici borcun qaytarılması və ölkədən kapital çıxışı artmalıdır. Həmçinin beynəlxalq konyunkturun pisləşməsi ölkədə valyutaya tələbi artıra və bu hal da Manata təzyiq ola bilər.