MALİYYƏ

Bankların komfort rejiminin çərçivəsi daralır: Problemli kreditlər niyə artır?

Azərbaycan Mərkəzi Bankının yeddi aylıq nəticələri açıqladı və əsas diqqətçəkən rəqəmlərdən biri problemli kredit portfelinin böyümə göstəriciləridir. Əslində COVİD-19 pandemiyasının iqtisadiyyata vurduğu zərbədən sonra bu gözlənilən idi. Əsas göstəricilər isə üçüncü rüb bitəndən sonra meydana çıxacaq. Azərbaycan Mərkəzi Bankının kreditləri restruktruzasiya etməsi və faizlərin hesablanması ilə bağlı müəyyən yumşaltmalar “bank sektorundakı COVİD qızdırmasını” xəfifcə soyuda bildi. Qayıtmayan kreditlər dondurulmuş vəziyyətdən çıxarılandan sonrakı vəziyyəti indiki dinamika ilə ilin sonuna yaxşı proqnoz vəd etmir.

Bankların rahat komfort rejiminin çərçivəsi beş ildir ki, daralır. 2015-ci il devalvasiyasından sonra problemli kreditlər portfeli 12%-dən yuxarı qalxdı və hökumət tədbirlər görməyə məcbur oldu. Birdən-birə manatın 2 dəfəyə yaxın ucuzlaşması çox rahat şəkildə dollarla kredit götürənləri çətin duruma saldı. İlk növbədə istehlak kreditləri üzrə toplanan problemlərin həll edilməsini qaydaya salmaq üçün 28 fevral 2019-cu ildə Prezident fərman imzaladı. Beləliklə, 10 min ABŞ dollarınadək götürülən kreditlər üzrə minlərlə məhkəmə qərarlarının icrasına, yığılan faizlərə, dəbbənin üstünə gün işığı düşdü. Qalan kreditlər üzrə restruktruzasiya aparmaq, yəni kredit şərtlərini dəyişmək (xüsusən də borcların qaytarılması üçün əlavə vaxt vermək) imkanından istifadə etmək üçün müraciət edənlərin sayı isə sektorun gözlədiyi qədər yüksək olmadı.    

Müsbət meyllərin yarandığı 2019-cu ilin sonu isə 2020-ci ilin əvvəlindəcə dayandı və bu dəfə iqtisadiyyatı COVİD pandemiyası vurdu. Nəticədə kreditləşmədəki aktivlik yenidən azaldı və sərt karantin tədbirləri ilə bağlı hökumət İlkin mərhələdə ən çox mənfi təsirə məruz qalan turizm, otelçilik, ictimai iaşə, əyləncə, nəqliyyat, ticarət və s. kimi, ümumilikdə, təxminən 12 fəaliyyət sahəsi müəyyən etdi. Mərkəzi Bank requlyativ siyasət paketini qəbul etdi və 2020-ci ilin sonlarına doğru pandemiyanın yenidən genişlənməsi və karantin tədbirlərinin gücləndirilməsi ilə əlaqədar bu paketin müddətini 1 aprel 2021-ci il tarixinədək uzatdı. Həmin dövrdə artıq 1 milyard manatdan çox kreditin şərtlərinə yenidən baxıldığı elan olundu. Lakin vəziyyətin çətin olaraq qalması ilə bağlı Mərkəzi Bankının İdarə Heyətinin 30 iyun 2021-ci il tarixli 19 nömrəli qərarına əsasən, pandemiyadan təsirlənmiş fiziki şəxslər və sahibkarlıq subyektlərinin maraqlarının qorunması və dəstəklənməsi davam etdirilərək cərimə faizi, dəbbə pulu və digər cərimələrin hesablanmamasına, borcalanların kredit öhdəlikləri üzrə gecikmələrlə bağlı onların kredit tarixçələrinin pisləşməməsinə dair kredit təşkilatlarına verilmiş tövsiyələrin müddəti 01 oktyabr 2021-ci il tarixinədək yenidən uzadıldı. Eyni zamanda, kredit və sığorta təşkilatlarının kapital mövqeyinin daha da möhkəmləndirilməsi, onların sərbəst maliyyə vəsaitlərinin kapitala yönəldilməsinin təmin edilməsi məqsədilə dividend ödənişlərinə tətbiq edilmiş məhdudiyyətləri də həmin tarixədək qüvvədə saxladı. Kreditlər üzrə ehtiyatların yaradılması ilə bağlı normanın aşağı salınması güzəştini 2022-ci ilin yanvarın 1-nədək uzatdı.  

Bu sənədlərdən də görünür ki, problemli kreditlər üzrə real vəziyyətin ilk göstəriciləri bankların 3-cü rübü başa vurmasından sonra görünəcək. Artıq 2021-ci ilin illik nəticələrində problemli kreditlərin həcmi daha böyük olacaq. 2021-ci ilin yanvar-iyul ayları üzrə göstəriciləri isə belədir: Azərbaycanda bankların və bank olmayan kredit təşkilatlarının (BOKT) kredit portfeli 15 milyard 367,7 milyon manatdır. Avqustun əvvəlinə vaxtı keçmiş kreditlərin həcmi 937,5 milyon manatdır, yəni bu ilin yeddi ayında portfel sürətlə artıb və 5% şişib. Bu isə bütün kreditlərin 6,1%-ni təşkil edir.

Avqustun 1-nə dövlət payına malik olan banklar tərəfindən 2 milyard 873,5 milyon manatnvə ya bütün kreditlərin 17,9%-i, özəl banklar tərəfindən 12 milyard 93 milyon manat və ya bütün kreditlərin 79,6%-i həcmində kredit verilib. Qalan 401,2 milyon manat bank olmayan kredit təşkilatlarının payına düşür.

2021-ci il avqustun əvvəlinə verilmiş kreditlərin ümumi həcmindən 11 milyard 251,5 milyon manat (artım 10,3%) milli valyuta, 4 milyard 116,2 milyon manat (azalma 4,9%) xarici valyuta ilə verilib. Bu dövrdə xarici valyuta ilə verilən kreditlərin xüsusi çəkisi 3% azalaraq 26,8%-ə düşüb.

2021-ci il avqustun 1-nə bankların kredit qoyuluşlarının strukturunda 2 milyard 559,9 milyon manat (bütün kreditlərin 16,7%-i) ticarət və xidmət sahələrinin, 740,3 milyon manat (4,8%) energetika, faydalı qazıntıların hasilatı, kimya və təbii sərvətlər sektorunun, 561,9 milyon manat (3,7%) kənd/meşə təsərrüfatı və balıqçılıq sahələrinin, 771,5 milyon manat (5%) tikinti və daşınmaz əmlak sahələrinin, 917,8 milyon manat (6%) sənaye və istehsal sektorunun, 757,3 milyon manat (4,9%) nəqliyyat və rabitə sahələrinin, 7 milyard 462,9 milyon manat (48,6%) ev təsərrüfatı sahəsinin, qalan məbləğ isə digər sektorların payına düşüb. Hesabat dövründə bankların ev təsərrüfatı sahəsinin kreditləşdirilməsi üzrə portfeli 11,2% artıb.

Bank sektorunun gəliri ilə xərcləri arasında fərq azalıb. Bank sektoru üzrə ekspert Xəyal Məmmədli deyir ki, bank sektorunun əməliyyat gəlirləri ilə yanaşı xüsusən də xərclərdə ciddi artım var. Banklar aktivlər üzrə mümkün zərərlərdən qorunmaq üçün yaradılan ehtiyatlara ayırmalarının həcmi 5,5 dəfə artıb. Bu kifayət qədər böyük bir rəqəmdir və problemli kreditlərin həcmi ilə əlaqədardır. Pandemiya səbəbindən əhalinin gəlirli azalıb və ödəməm qabiliyyəti düşüb. Kreditlər risk amilləri və kredit faizlərinin yüksək olması geri dönüş riskinin pisləşməsinə səbəb olur. Əgər bank kreditlərində pisləşmə varsa, bu zaman bank xüsusi ehtiyatları artırır. Bu da xalis mənfəətin həcminin azalmasında özünü büruzə verir. Nəticədə aktivlərin keyfiyyətinin pisləşməsinə və kredit portfelində problemlərin artmasına gətirib çıxarıb, eyni zamanda bank sektorunun əməliyyat mənfəətinin yarıdan çoxunu əridib.

Bu gün Azərbaycan Mərkəzi Bankının məmnun halda səsləndirdiyi bankların likvid aktivlərinin həcmindəki artım əslində iqtisadiyyat üçün mənfi göstəricidir. Bu o deməkdir ki, banklar sağlam müştəri kontingenti tapa bilmirlər, ona görə də vəsaitləri passiv şəkildə istifadəsiz qalır. Başqa sözlə, həm kassalarda, Mərkəzi Bankdakı hesablarda və Nostro hesablardakı pulun həcmi artıb.

“İşçilərimiz qapı-qapı gəzirlər ki, müştəri tapsınlar. Elə sağlam müştəri varsa, mən ona niyə pul verməyim?”, - bu etiraflar Azərbaycanın tanınmış bankirlərdən birinə məxsusdur. Başqa sözlə, bu gün banklarda hesabatlılıq az da olsa yaxşılaşsa da, iqtisadiyyatda kölgə çox böyük paya malik olaraq qalır. Bizneslə bank arasındakı bu təzad isə bankların işinə də mənfi təsir göstərir. Bağlanan bankların aqibətini həll edən əsas məsələdən biri də məhz tapşırıqla verilən və geri qayıtmayan pullardır. Problemli kreditlər portfelində də böyük payı məhz biznes kreditləri tutur. Ona görə də banklar pərakəndə bank xidmətlərinə də üstünlük verir. Bu gün dövlət bankları belə böyük istehlak krediti portfelinə malikdir. Çünki əhalidən borcunu almaq hansısa məmurun nəzarətindəki biznesdən pulunu geri almaqdan daha asandır.   

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)