Neft bazarını kim qarışdırır - MARAQLI FAKTLAR
İlham Şaban: “2019-cu ildə neftin qiyməti 60-65 dollardan aşağı olmayacaq”
2018-ci ili dünya neft bazarında kəskin enmələrlə başa vurmaqdayıq. Qiymətlər 53-55 dollar arasında dəyişir və yaxınmüddətli dövrdə bu səviyyədən yuxarı qalxmasına dair gözləntilər demək olar ki, yoxdur.
Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birolun dediyinə görə, neftin qiymətində kəskin bahalaşma gözlənilmir: “Əvvəllər neftin qiymətini OPEC təyin edirdi. Artıq bu dəyişib və yeni, ikinci aktor var. Bu da ABŞ-dakı şist neftidir. Bu neft 8 il əvvəl çıxarılmağa başlanılıb. Səkkiz ildə ABŞ-da şist neftinin səviyyəsi İraqın hasilatının iki mislinə bərabər olub. Artıq yalnız Vyanada qəbul olunan qərarlara deyil, ABŞ-da şist nefti istehsalının necə artacağına baxmaq lazımdır. 2019-cu ildə və sonrakı dövrdə iki böyük aktor, eləcə də geosiyasi qeyri-müəyyənliklə əlaqədar böyük volatillik baş verəcək. 2019-cu ildə ciddi qeyri-sabitlik görməyə davam edəcəyik”.
“OPEC+ ölkələri lazım gəlsə, saziş müddətini artıra, yaxud hətta neft istehsalını daha da azalda bilər”. Bunu isə OPEC prezidenti, Birləşmiş Ərəb Əmirliklərinin enerji naziri Süheyl əl Məzrui bildirib: “”Nəzərdə tutulan hasilat azalması ətraflı şəkildə araşdırılmışdı, lakin səmərəli olmasa, əvvəllər etdiyimiz kimi istədiyimiz vaxt OPEC-in növbədənkənar iclasını çağıra bilərik".
Nazir vurğulayıb ki, OPEC+ formatının müddətini daha altı ay uzatmaq zərurəti yaranarsa, bu həyata keçiriləcək, hasilatı azaltmaq lazım gəlsə, həmişə müzakirə edib sanballı qərar əldə edə biləcəklər. O, bəzi üzv ölkələrdə hasilatın təbii azalması baş verdiyindən OPEC-in saziş şərtlərini həqiqətən də artıqlaması ilə yerinə yetirə biləcəyini diqqətə çatdırıb.
Xatırladaq ki, dekabrın 7-də OPEC+ 2019-cu ilin yanvar ayından etibarən yarımillik müddətə bütün iştirakçı ölkələrin gündəlik hasılatı 1,2 milyon barel azaltmaq qərarını vermişdi. Bunun 800 min bareli OPEC üzv ölkələrinin, qalan 400 min bareli də qeyri-OPEC ölkələrinin payına düşür.
OPEK+ tərəfindən qəbul olunan bu qərar bazara çox cüzi və qısamüddətli təsir göstərdi.
Bu günlərdə ABŞ-ın “Delaware Basin” yatağındakı nəhəng tapıntılar qlobal neft bazarı ilə bağlı hesablamaları dəyişib.
ABŞ rəsmilərinin məlumata görə, Texas və Nyu-Meksiko ştatları arasındakı ərazidə “Delaware Basin” adlanan məkanda 46.3 milyard barel neft, 8 trilyon kubmetr qaz və 20 milyard barel təbii maye qaz ehtiyatları aşkarlanıb. Bu ağlasığmaz rəqəmlər dünya miqyasında ən nəhəng enerji yatağının məhz ABŞ-da olduğunu göstərir.
Beləliklə, ABŞ-ın məlum enerji resurslarının həcmi ikiqat artıb. Analitiklərin fikrincə, bu qədər neft və qazın mövcudluğu həm də Birləşmiş Ştatların enerji idxal edən ölkədən enerji ixrac edən ölkəyə çevrilməsini sürətləndirəcək və neftlə bağlı qərarlarda rolunu artıracaq.
Ötən il isə ABŞ-ın Texas və Luiziana ştatlarının cənubunda yerləşən “Bossier” və “Haynesville” sahələrində 8,61 trilyon kubmetr həcmdə təbii qaz və 4 milyard barel həcmdə neft ehtiyatı tapılıb.
Bu ilin yayında ABŞ neft hasilatına görə Rusiya və Səudiyyə Ərəbistanını arxada qoymağa nail olub. Hazırda bu ölkənin gündəlik neft hasilatı 11,8 milyon bareldən yuxarıdır. Analitik mərkəzlərin hesablamalarına görə, bu birinciliyi ABŞ gələn il ərzində də qoruyub saxlayacaq. Belə ki, hasilatın gələn ilin birinci rübündə 12,1 milyon barelə çatdırılacağı nəzərdə tutulur.
ABŞ-da son illərdə şiş neft istehsalında tətbiq olunan yeni texnologiyalar sayəsində maya dəyərini dəfələrlə azaltmağa nail olunub. Əgər 2014-cü ildə şiş neftin 55-60 dollar qiyməti zərərsiz hədd hesab olunurdusa, indi bu göstərici 20 dollara qədər endirilib.
Dünyanın həm də ən böyük neft istehlakçısı-benzin istehsalçısı olan ABŞ üçün qiymətlərin 50 dollar həddində olması məqbul hesab edilir. Buna görə də prezident Donald Tramp neftin bu həddən yuxarı qiymətinə qarşı sərt mübarizə aparmaqdadır.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri, sahə üzrə mütəxəssis İlham Şaban bildirir ki, ABŞ-da yeni ehtiyatların kəşf olunması onların hasilata başlaması demək deyil: “Yatağın kəşf olunması ilə orada hasilata başlanması arasında azı 2-3 il vaxt lazımdır. Yeni yataq, sadəcə, ABŞ-ın ehtiyatlarının artması baxımından maraqlıdır.
Hazırda dünya neft bazarında qiymətlərin enməsinə təsir edən əsas amillərdən birincisi iki ən böyük hasilatçının - ABŞ və Rusiyanın durmadan istehsalı artırmasıdır. İkinci faktor bundan ibarətdir ki, dünya ümumi daxili məhsulunun 35 faizini istehsal edən iki ölkə - ABŞ və Çin arasında ticarət ziddiyyətləri baş verib və hələ də tam aradan qalxmayıb. Ümumilikdə bu ziddiyyətlər və digər sanksiyalar üzündən bütün dünyada iqtisadi artım sürəti azalıb. İstər Yaponiya, istər Cənubi Koreya və digər dünya ölkələri üzrə iqtisadi artım proqnozları azaldılıb. Dekabrın əvvəllərində ABŞ Federal Ehtiyatlar Sistemi ölkədəki iqtisadi artım proqnozunu 2,5 faizdən 2,3 faizə endirdi. ABŞ-dakı 0,2 faizlik azalma digər dünya ölkələri üçün 2-3 faizlik azalma deməkdir. Dünya üzrə iqtisadi artım sürətinin azalması enerjiyə tələbatı aşağı salır ki, bu da öz növbəsində neftə tələbatı azaldır".
İ.Şaban bazarda qiymət artımına səbəb olacaq amillər kimi OPEK+ qərarını qeyd edir: “Amma bu qərarın bazara təsiri bir neçə aya özünü göstərə bilər. Qərar yanvarın 1-dən qüvvəyə minir. Onun bazarlara real təsiri 3-4 aya hiss olunacaq - aprelin ortalarınadək. Bu da o zaman olacaq ki, hamı hasilatın azaldılması kvotasına tam əməl etsin. Bu da bir qədər çətin görünür. Məsələn, Rusiya hasilatı 282 min barel azaltmaq öhdəliyi götürüb, amma bu günlərdə məlum olub ki, onlarda qış aylarında hasilatı azaltmaq ciddi problemlərə səbəb ola bilər”.
Mütəxəssis bütün təsir faktorları nəzərə alınmaqla, 2019-cu ildə neftin qiymətinin 60-65 dollardan aşağı olmayacağı qənaətindədir: “Beynəlxalq mərkəzlərin heç birinin proqnozu 60 dollardan aşağı deyil. İndiyədək yalnız Rusiya Mərkəzi Bankı gələn il neftin qiymətinin 63 dollar olacağını qeyd edib. ABŞ investisiya bankları isə hətta 70-80 dollarlıq qiymət proqnozlaşdırırlar. Düşünürəm ki, təxminən martın əvvəllərində neftin qiymətlərində ilk korreksiyalar olacaq, bilinəcək ki, qiymət hansı tərəfə dəyişəcək”.