Dövlətin mobil operatoru necə işləyir? - MƏNFƏƏT AÇIQLAMASI
2020-ci il ərzində "Azercell Telecom" MMC-nin xalis mənfəəti 104,166 milyon manat təşkil edib. Bu, cari məzənnə ilə 61,3 milyon dollar deməkdir. 2019-cu ilin eyni dövrü ilə müqayisədə xalis mənfəət 2,95% çoxdur.
“Azercell”in dərc etdiyi maliyyə hesabatına əsasən, ötən il şirkətin gəlirləri 4,5% artaraq 455,381 milyon manat, xərcləri 0,3% artaraq 307,655 milyon manat təşkil edib.
2020-ci ilin yekunları üzrə “Azercell”in əməliyyat mənfəəti 14,5% yüksələrək 147,726 milyon manata çatıb.
Vergi ödənilənədək mənfəət 149,143 milyon manat olub və 2020-ci ildə şirkət 44,977 milyon manat məbləğində mənfəət vergisi verib. Mənfəət vergisinin həcmi 54,5% artıb.
2020-ci ildə “Azercell”in aktivləri 32,6% azalaraq 783,385 milyon manat olub. Bunun 593,883 milyon manatı uzunmüddətli akivlərdir. Uzunmüddətli aktivləri 10,5% çoxalıb, qısamüddətli aktivləri isə 3,3 dəfə azalaraq 189,502 milyon manat təşkil edib.
2020-ci ildə şirkətin öhdəlikləri 48,3% artaraq 188,247 milyon manata yüksəlib.
Hesabat ilində “Azercell”in kapitalı 1,7 dəfə kiçilərək 595,138 milyon manata düşüb. Eyni zamanda, 2021-ci ilin əvvəlinə bölüşdürülməmiş mənfəətin həcmində 44,4% kiçilmə baş verib və 552,937 milyon manata enib.
Ötən il cəmiyyətin nizamnamə kapitalı dəyişməyərək 42,08 milyon manat məbləğində qalıb.
Xatırladaq ki, “Azercell Telecom” MMC 1996-cı il yanvarın 19-da təsis edilib. Şirkətin abunəçilərinin ümumi sayı 4,8 milyondur.
Hazırda “Azercell”in 100%-lik səhmdarı "Azertel Telekomunikasyon ve Yatırım Dıs Ticaret A.S," Azərbaycan-Türkiyə şirkətidir. Şirkətin səhmlərinin 51,3%-i “AzInTelecom” dövlət şirkətinə (Azərbaycan) məxsusdur.