BİZNES

Pandemiyanın taksilərə "xeyri": sərnişindaşıma 2 dəfə artıb

2021-ci ilin yanvar-iyun aylarında Azərbaycanda taksilərlə 47 milyon 290,4 min sərnişin daşınıb. ENA.az xəbər verir ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə şoxdur. 2021-ci il mayın 31-də fəaliyyətini bərpa edən Bakı metropoliteni ilə cəmi 11 milyon 138,8 min sərnişin daşınıb ki, bu, 2020-ci ilin 6 ayı ilə müqayisədə 5,8 dəfə azalma deməkdir.  

Dövlət Statistika Komitəsinin məlumatına görə, bütün növ nəqliyyat vasitələri ilə 555 milyon 92 min sərnişin daşınıb. Bu ötən ilin analoji dövrünün göstəricisindən 19,5% azdır. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu müddətdə dəmir yolu nəqliyyatı ilə 1 milyon 115,2 min nəfər (azalma 16,5%), dəniz nəqliyyatı ilə 6,3 min nəfər (azalma 27,6%), hava nəqliyyatı ilə 345 min nəfər (azalma 22,7%) daşınıb.

Bundan başqa, yanvar-iyun aylarında avtomobil nəqliyyatı vasitələri ilə 542 milyon 486,9 min sərnişin (azalma 13,1%) daşınıb.

Həmçinin, bu dövrdə avtobuslarla 495 milyon 196,5 min sərnişin (azalma 17,5%), taksilərlə 47 milyon 290,4 min sərnişin (artım 2 dəfə) daşınıb.

Xəbər verildiyi kimi, koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar 2020-ci ilin mart ayının ikinci yarısından etibarən Azərbaycanda aviareyslərin həyata keçirilməsi dayandırılıb (yalnız çarter və ayrı-ayrı ölkələrə xüsusi reyslər həyata keçirilib).

Bundan başqa, 2020-ci ilin mart ayında metro, ölkənin regionlarına avtobuslarla daşımalar dayandırılıb, dəmir yolu ilə sərnişin daşımaları əhəmiyyətli dərəcədə məhdudlaşdırılıb.

Bakı Metropoliteninin fəaliyyəti mayın 9-dan bərpa olunsa da, koronavirusa yoluxanların sayının artması səbəbindən iyulun 4-dən yenidən dayandırılıb, sentyabrın 14-dən isə bərpa olunub. Metropolitenin fəaliyyəti oktyabrın 19-dan 2021-ci il iyunun 1-dək yenidən dayandırılıb. 2021-ci il mayn 31-də Bakı metropoliteni fəaliyyətini yenidən bərpa edib. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)