Sosial iqtisadiyyat

İşəgötürənin məsuliyyətsizliyinin işçiyə faydaları

Məlum olduğu kimi Azərbaycan Respublikasında işçi və işəgötürən arasında yaranan fərdi əmək mübahisələrinə baxan qurum olan Dövlət Əmək Müfəttişliyinin son açıqladığı məlumata görə işəgötürənlər tərəfindən işçiyə ödənilməyən 90 min manatın ödənişi bərpa edilib. Bu məlumat özlüyündə işəgötürən məsuliyyətsizlikləri ilə qarşılaşılan halların ölkə üzrə kifayət qədər olmasını deməyə əsas verdiyi kimi işçilərin də hüquqlarını müdafiə edən rəsmi qurumların fəaliyyətini görməyə əsas verir.

Bu yazımızda işəgötürənlərin məsuliyyətsizliklərinin işçilərə faydalarından bəhs edəcəyik.

  1. Əmək haqqının gecikdirilməsi – Hər bir əmək müqaviləsi üzrə işçi ilə işəgötürən arasında əmək haqqının verilməsi müddəti müəyyən edilir. İşəmuzd və ya günəmuzd ödəmə hallarına uyğun olaraq işəgötürənlər razılaşdırılmış müddət üçün işçiyə əmək haqqını vaxtında ödəmək öhdəliyi daşıyır. Bəzi hallarda isə işəgötürənin məsuliyyətsizliyi nəticəsində əmək haqqı gecikdirilir. Bu zaman isə işəgötürən tərəfindən gecikdirilmiş hər gün üçün əmək haqqının azı 1%-i məbləğində ödəniş işçiyə ödənilməlidir. Bu hal fərdi əmək mübahisəsi yaratdıqda isə fərdi mübahisə kimi müraciətə baxılır.
  2. Məzuniyyət haqqının vaxtında ödənilməməsi – qanunvericiliyə əsasən məzuniyyətə görə orta aylıq əmək haqqı məzuniyyətin başlamasına azı 3 gün qalmış ödənilməlidir. Əgər işçi ilə bağlanmış müqavilədə yaxud kollektiv müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, işçiyə məzuniyyətə görə ödənilən əmək haqqı məzuniyyət başlanandan sonra gecikdirilməklə ödənilərsə, işçinin tələbi ilə məzuniyyət gününün başlanğıcı pulun ödəniş günündən sayıla bilər.
  3. Əmək kitabçasının vaxtında qaytarılmaması – İşçi ilə işəgötürən arasında əmək müqaviləsinə xitam verildiyi sonuncu iş günü işəgötürən işçiyə son haqq-hesabı ödəməli və əmək kitabçasını təqdim etməlidir. Buna baxmayaraq işçiyə vaxtında əmək kitabçası işəgötürənin təqsiri üzündən təqdim edilməzsə, işçiyə işə düzələ bilmədiyi bütün müddət üçün orta aylıq əmək haqqı ödənilməlidir.
  4. Boşdayanma – İşəgötürənin təqsiri səbəbindən istehsalın, axın xətti və işin dayandırılması baş verərsə, işçilər qrup halında ödənişsiz məzuniyyətə buraxıla bilməz. Bu hallarda işəgötürən işçilərə boşdayanma olmasına baxmayaraq işçi üçün müəyyən edilmiş dərəcənin vəzifə (tarif) maaşının 2/3 hissəsindən az olmayaraq ödənilir. Bu məbləğin ödənilməsi üçün işçinin boşdayanmanın başlanması barədə işəgötürənə və ya iş yeri üzrə rəhbərinə xəbərdarlıq vermək öhdəliyi müəyyən edilmişdir.

Bu yazımızda əsas kimi işəgötürənin təqsiri və ya məsuliyyətsizliyinin işçiyə ola biləcək faydalarımdan bəhs etsək də, əlavə olaraq bir hal üzrə işçinin kompensasiya hüququndan bəhs edəcəyik.

* İstehsalat qəzası və ya peşə xəstəliyi – bu kimi gözlənilməz hallarla əlaqədar işəgötürən icbari qaydada işçiyə dəyə biləcək zərərlərin kompensasiya olunması üçün sığorta etdirməlidir. İşəgötürənin təqsiri səbəbindən istehsalat qəzası və ya peşə xəstəliyi baş verərsə, bu halda işəgötürən işçiyə yaxud ölümü halında ailə üzvləri yaxud himayəsində olan şəxslərə kompensasiya ödəmək öhdəliyi daşıyır. Qeyd edək ki, əgər işəgötürən əvvəlcədən bu hallara görə icbari sığorta olunubsa, bu zaman kompensasiya ödəmək öhdəliyi sığorta şirkətinə ötürülmüş olacaq.

Müəllif: Şəhriyar Həbilov

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)