Hesablama Palatası dövlət satınalmalar sahəsində müəyyən risklərin olduğunu qeyd edir
Hesabalama Palatası dövlət satınalmaları sistemində müəyyən yaxşılaşmanı, eyni zamanda bəzi risklərin qaldığını qeyd edir.
“Həyata keçirilmiş nəzarət tədbirlərinin nəticələrinin təhlili göstərir ki, satınalma prosesinin elektronlaşması satınalmalar barədə məlumatlara əlçatanlığın təmin edilməsinə və dövlət satınalmalarında iştirak edən iddiaçıların sayının artması ilə rəqabət mühitinin genişlənməsinə xidmət etməklə yanaşı, bəzi hallarda öhdəlikləri yerinə yetirmək imkanları qənaətbəxş olmayan iddiaçıların satınalmalarda qalib olması riskini də formalaşdırır”, - Hesabalama Palatasında belə hesab edirlər.
ENA.az xəbər verir ki, bu, dövlət satınalmaları üzrə müəyyən ləngimələrin olması, təqdim edilən malların (işlər və xidmətlərin) keyfiyyətinin qənaətbəxş olmaması, bəzi hallarda isə qalib iddiaçının ümumiyyətlə müqavilə üzrə öhdəliyin yerinə yetirilməsindən imtinası ilə bağlı risklərə yol açır.
Bundan başqa, satınalmalar sahəsində qiymət artımının təsiri ilə bağlı risklər hələ də qalmaqdadır. Palatanın qiymətləndirmələrinə görə, bu məsələ xüsusilə tikinti sahəsi üzrə aktualdır. “Tikinti materiallarının istehsalı üzrə qiymət indeksi son 3 il ərzində (2018 – 12%, 2019 – 17,8%, 2020 – 18,5%) hər il orta hesabla 16% artıb. Tikinti materiallarının qiymətinin yüksəlməsi müqavilələrin icra edilməsində və dövlət investisiyalarının son nəticəyə təsiri ilə bağlı risklər yaradır”, - Palata qeyd edir.
Həmçinin qeyd olunur ki, son illərdə müxtəlif sahələrdə rəqəmsallaşma meyillərinin yüksəlməsi müxtəlif növ proqram təminatı və onlara xidmət edilməsi ilə bağlı xərclərin əhəmiyyətli artımını şərtləndirib.«Bu sahədə bir sıra nöqsanlar müəyyən edilib”, - Palatadan vurğulanıb.
Eyni zamanda, Palata məlumatların təhlili dövlət maliyyəsinin bir sıra sahələrində müsbət dəyişikliklərin olduğunu da göstərir.“Son 2 il ərzində ölkədə e-satınalma modelinin tətbiq edilməsi keçiriləcək satınalmalar barədə məlumatlara əlçatanlığın təmin edilməsini, rəqabətli satınalma metodlarının tətbiqini, satınalmalarda iştirak edən iddiaçıların sayının artmasını şərtləndirməklə son nəticədə dövlət satınalmaları sahəsində dövlət vəsaitinin səmərəli və qənaətli şəkildə istifadəsi üçün müsbət meyillərin müşahidə olunmasına dəstək verməkdədir”, - Hesablama Palatasından vurğulanır.