İqtisadi rayonların yeni təsnifatı qeyri-neft sektorunun inkişafına təkan verəcək
“İqtisadi rayonların yeni təsnifatı ilk növbədə Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm Zəfərin nəticəsi kimi dəyərləndirilməlidir”.
Bunu ölkədə iqtisadi rayonların yeni bölgüsü haqqında Prezident fərmanını şərh edən iqtisadçı-ekspert Amal Həsənli deyib.
“44 günlük mücadilə nəticəsində ərazi bütövlüyümüzün tam şəkildə təmin edilməsi ilə yeni reallıq yarandı. Belə ki, işğaldan azad olunmuş ərazilərin intensiv bərpası əsas prioritet kimi müəyyən edildi. Bildiyimiz kimi, işğal dövrü ərzində həmin ərazilər düşmən tərəfindən aktiv şəkildə minalanırdı. Bu amil nəticə etibarı ilə yenidənqurma və bərpa işlərinin aparılmasına ciddi əngəl yaradır. Buna rəğmən ölkə başçısı səviyyəsində ortaya qoyulan siyasi iradə sayəsində bu işlər sürətli templərlə davam edir.
Bu regiona kifayət qədər ciddi maliyyə axınları yönəldilir. Bu mənada regionalın yeni təsnifləşdirməsi həmin ərazilərə yönəldilən investisiyaların cevikliyini artıracaq və onların daha səmərəli paylanmasını təmin edəcək. Neft qiymətlərinin bu gün bizim üçün komfortlu səviyyədə olması isə öz növbəsində maliyyə axınlarının davamlılığını təmin edəcək”,- A.Həsənli vuğulayıb.
Ekspert hesab edir ki, yeni təsnifat regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu reallaşdırılmasına böyük təkan verəcək: “Ölkəmizin tarixi-coğrafi mövqeyi ona geniş nəqliyyat və tranzit imkanları verir. Münbit torpaqlara və əsrarəngiz təbiətə malik bir ölkədə yaşayırıq. Bunlar kənd təsərrüfatının və turizmin inkişafı üçün ciddi zəmin yaradır. Bu istiqamətdə reallaşdırılan layihələr hesabına Azərbaycanın perspektivdə nəqliyyat habına, regionun turizm mərkəzinə və əsas kənd təssərrüfatı məhsulları tədarükçüsünə çevrilmək imkanları xeyli artır.
Büdcə gəlirlləri əsasən neft-qaz hasilatı hesabına formalaşan Azərbaycan üçün qeyri-neft sektorunun inkişafı prioritet istiqamətdir. Adı çəkilən fərman bu istiqamətdə atılan vacib və ən əsası zamanlama baxımından vaxtında atılan addımdır. O, regionların potensialından maksimal dərəcədə effektiv istifadə etməklə dayanıqlı iqtisadi inkişafı təmin edəcək və qeyri-neft iqtisadiyyatımızın inkişafına ciddi təkan verəcək”.
Xatırladaq ki, iyulun 7-də Prezident İlham Əliyev "İqtisadi rayonların yeni bölgüsü haqqında" fərman imzalayıb. Fərmanla iqtisadi rayonlarının aşağıdakı bölgüsü təsdiq edilib:
1.1.Bakı iqtisadi rayonu (Bakı şəhəri);
1.2.Naxçıvan iqtisadi rayonu (Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonları);
1.3.Abşeron–Xızı iqtisadi rayonu (Sumqayıt şəhəri, Abşeron və Xızı rayonları);
1.4.Dağlıq Şirvan iqtisadi rayonu (Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonları);
1.5.Gəncə–Daşkəsən iqtisadi rayonu (Gəncə və Naftalan şəhərləri, Daşkəsən, Goranboy, Göygöl və Samux rayonları);
1.6.Qarabağ iqtisadi rayonu (Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları);
1.7.Qazax–Tovuz iqtisadi rayonu (Ağstafa, Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayonları);
1.8.Quba–Xaçmaz iqtisadi rayonu (Xaçmaz, Quba, Qusar, Siyəzən və Şabran rayonları);
1.9.Lənkəran–Astara iqtisadi rayonu (Astara, Cəlilabad, Lerik, Lənkəran, Masallı və Yardımlı rayonları);
1.10.Mərkəzi Aran iqtisadi rayonu (Mingəçevir şəhəri, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab rayonları);
1.11.Mil–Muğan iqtisadi rayonu (Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonları);
1.12.Şəki–Zaqatala iqtisadi rayonu (Balakən, Qax, Qəbələ, Oğuz, Şəki və Zaqatala rayonları);
1.13.Şərqi Zəngəzur iqtisadi rayonu (Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları);
1.14.Şirvan–Salyan iqtisadi rayonu (Şirvan şəhəri, Biləsuvar, Hacıqabul, Neftçala və Salyan rayonları).