Sosial iqtisadiyyat

Şagirdlərin yeni geyim formalarının layihəsi hökumətə təqdim edilib - FOTO

Şagirdlərin geyim formalarının təsvirlərini müəyyən edən layihə təsdiq üçün Nazirlər Kabinetinə təqdim edilib.

Bu barədə Təhsil Nazirliyindən bildirilib.

Qeyd edilib ki, hazırlıq mərhələsində geyim təsvirləri ictimaiyyətin, eyni zamanda geyim üzrə mütəxəssislərin və geyim istehsalı ilə məşğul olan müəssisələrin müzakirəsinə çıxarılmış, onların rəy və təklifləri nəzərə alınıb.

Xatırladaq ki, 2020-2021-ci tədris ili üzrə şagirdlərin geyim formalarının təsvirlərini müəyyən edən layihəyə dair ictimai rəy öyrənilib. Layihəyə görə qızlar üçün yay geyim forması qısaqol köynək və ətəkdən, qış geyim forması isə uzunqol köynək, ətək və önü zəncirbəndlə bağlanan cibli jaketdən ibarət olacaq. Oğlanlar üçün yay fəslində tətbiq edilən geyim forması qısaqol köynək və şalvardan, qış geyim forması isə uzunqol köynək, şalvar və önü zəncirbəndlə bağlanan cibli jaketdən ibarət olacaq.

Geyim formaları elementlərinin aşağıdakı rənglərdə hazırlanması nəzərdə tutulur:

- Ətək və şalvar - qara, tünd qəhvəyi, tünd boz, tünd göy və qəhvəyi-yaşıl;

- Köynək - ağ, dəri, mavi, açıq yaşıl və açıq sarı;

- Jaket - tünd boz, qəhvəyi, tünd göy, tünd yaşıl və açıq gəhvəyi.

Geyim formasının rəngi ümumi təhsil müəssisəsinin Pedaqoji Şurasının qərarı ilə müəyyən ediləcək. Ümumi təhsil müəssisəsində yalnız bir geyim forması tətbiq edilə bilər. Dövlət ümumi təhsil müəssisələrinin şagirdləri məktəbdə və təntənəli məktəb tədbirlərində (məktəbdən kənarda olsalar da belə) müəyyən edilmiş geyim formasını geyinməlidirlər.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)