Sağlamlıq

BMT: Koronavirus pandemiyası narkotiklərə tələbatı artırıb

Koronavirus pandemiyası dövründə narkotik vasitələrə (xüsusilə də çətənə) və sedativ (sakitləşdirici) təsirə malik maddələrə tələbat artıb.

Bu barədə məlumat BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsinin (UNODC) illik narkotik vasitələr hesabatında yer alıb. Hesabatda qeyd edilir ki, pandemiya dövründə çətənə və sakitləşdirici maddələrin istehlakının artması müşahidə edilib. 77 ölkənin səhiyyə ekspertləri arasında aparılmış sorğu zamanı respondentlərin 66 faizi istehlakın artdığını təsdiqləyiblər.

Beynəlxalq qurum pandemiyanın təsirlərindən asılı olmadan Avropada kokaindən istifadənin getdikcə yayılmasından narahatlıq ifadə edib. Qeyd edilib ki, daha yüksək keyfiyyətə və daha ucuz qiymətə qara bazarlara çıxarılan kokain istifadəçilər arasında bu narkotik vasitəyə marağı daha da artırır. Balkan regionundan olan cinayətkar dəstələrin Cənubi Amerikadan Avropaya narkotik vasitələr idxalında ispan və italyan mafiyaları ilə rəqabətə girişməsi, onların əksər hallarda aralıq satıcılara ehtiyac olmadan narkotik vasitələri istehsalçı regionlardan əldə etməsi narkotik vasitələr bazarına ciddi təsir göstərir. Ekspertlərin rəyinə görə, son illərdə kokainin təmizlik dərəcəsi 40 faiz artıb və yeni ticarət marşrutlarından istifadə edən cinayətkar dəstələr Antverpen, Rotterdam, Hamburq və Valensiya şəhərlərini əsas limanlar kimi istifadə edirlər. Niderland, Belçika, Böyük Britaniya və Almaniyanın qərb şəhərlərində kokaindən istifadə edənlərin sayı artıb.

Hesabatda qeyd edilir ki, digər narkotik vasitələrə qlobal tələbat artmaqdadır. Misal üçün, ötən il Əfqanıstanda tiryək əldə etmək üçün istifadə olunan əkin sahələrinin ərazisi 37 faiz çoxalıb.

UNODC baş analitiki Anqela Me bildirib ki, pandemiya dövründə məktəblərin bağlı olması narkotik vasitələrin istehsalı və istehlakına təsir göstərib. Latın Amerikası ölkələrində cinayətkar qruplar uşaqlardan narkotika istehsalatında sui-istifadə edirlər. Eyni zamanda pandemiya dövründə məşğulluq, təhsil və ya yoxsulluq kimi sosial və iqtisadi faktorlar əhali arasında narkotik vasitələrdən asılılığa ciddi təsir göstərib.

Hesabatda, həmçinin qeyd edilir ki, pandemiya dövründə təmasların məhdudlaşdırılması kokain və ekstazi kimi narkotiklərin istifadəsini azaldıb, bunun əvəzində isə çətənə istehlakı trendə çevrilib. Bu narkotikanın tərkibindəki psixoaktiv tetrahidrokannabinol (THC) maddəsinin kütləsi son 20 ildə ABŞ-da dörd, Avropada isə üç dəfə artıb. THC maddəsinin psixi problemlərə yol açdığı məlum olsa da, ötən 20 il ərzində insanlar arasında bu maddənin təhlükəsi barədə maariflənmə səviyyəsi aşağı düşməkdədir və xüsusilə Qərb ölkələrində bu təhlükə ciddiyə alınmır.

Hesabatda görə 2019-cu ildə narkotik vasitələrin istehlakı ilə əlaqədar yarım milyon insan həyatını itirib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)