Azərbaycanın ən iri bankı dividend ödənilməsinə 75 milyon dollara yaxın vəsait yönəldəcək
"Azərbaycan Beynəlxalq Bankı” ASC 2020-ci ilin yekunları üzrə səhmdarlara dividend ödənilməsinə 127 milyon manat (cari məzənnə ilə $74,7 milyon) yönəldəcək.
“23 iyun ABB-nin səhmdarlarının ümumi yığıncağı keçirilib. Yığıncaqda 2020-ci ilin mənfəətindən 127 milyon manat dividendin ödənilməsinə qərar verilib”, - bankın məlumatında deyilir.
Bundan başqa, səhmdarların qərarına əsasən, Abbas İbrahimov növbəti 3 il müddətinə yenidən “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri təyin edilib.
2020-ci ildə ABB-nin milli standartlar üzrə xalis mənfəəti 129 milyon 391,15 min manat təşkil edib.
2019-cu ilin yekunları üzrə ABB dividend ödənişinə 150 milyon manat yönəldib ($88,2 milyon).
ABB 1992-ci ildə yaradılıb. Bankın kapitalında Maliyyə Nazirliyinin payı 91,4%-dir. Ümumilikdə dövlət bankın kapitalında 99,66% pay sahibidir. Bankın nizamnamə kapitalı 1 milyard 224 milyon 478,248 min manata bərabərdir və bir qiymətli kağız üçün nominalı 0,27 manat təşkil edəb 4 milyard 597 milyon 360,178 min səhmə bölünüb. **