Qəbələnin lavanda təsərrüfatı fəaliyyətini genişləndirir
Qəbələ rayonunun Çuxur Qəbələ kəndinin ərazisində yerləşən lavanda təsərrüfatında yaxın günlərdə məhsul biçininə başlanılacaq. Biçindən əvvəl Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Şəki-Zaqatala Koordinatorluğunun Qəbələ-Oğuz “KOB Dostu” ofisinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qəbələ nümayəndəliyinin könüllüləri, həmçinin Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin mütəxəssisləri lavanda təsərrüfatında olub, gül plantasiyaları ilə maraqlanıblar.
KOBİA-nın Qəbələ-Oğuz “KOB Dostu” ofisindən bildirilib ki, son vaxtlar lavanda plantasiyalarının sahəsi genişləndirilərək 26 hektara çatdırılıb, ərazidə yeni melisa təsərrüfatı yaradılıb. Tezliklə təsərrüfat tərəfindən orqanik lavanda balının istehsalına da başlanılacaq. KOBİA tərəfindən ötən müddətdə lavanda təsərrüfatına müvafiq sertifikatların alınması, satış üzrə əlaqələndirmə, yerli tərəfdaşların tapılması, eləcə də sahibkarlara göstərilən dövlət dəstək mexanizmləri üzrə məsləhət xidmətləri göstərilib. Agentlik, həmçinin Qəbələnin lavanda təsərrüfatı ilə Lənkəranın “Yaşıl çay” fermer təsərrüfatı arasında əlaqələrin yaranmasına da dəstək olub. Nəticədə, birgə əməkdaşlıq çərçivəsində sahibkarlar tərəfindən lavanda tərkibli yaşıl çay istehsalına başlanılıb. Eyni zamanda, bu əməkdaşlıq çərçivəsində “Yaşıl çay” fermer təsərrüfatının ərazisində yarım hektar sahədə lavandanın sınaq əkini də həyata keçirilib.
Qurumdan bildirilib ki, ölkəmizə gələn xarici qonaqlar Qəbələnin Çuxur Qəbələ kəndindəki lavanda təsərrüfatına böyük maraq göstərirlər. Bu təsərrüfat eko-aqro turizmin inkişafı baxımından da əhəmiyyətlidir. Eyni zamanda, belə təsərrüfatlar müvafiq sahə üzrə mütəxəssislərin hazırlanması, gələcəkdə yaradılacaq oxşar təsərrüfatların düzgün qurulması və inkişafı baxımından da faydalıdır. Təsərrüfatda yeni sahələr üzrə daimi və mövsümi (50-60 nəfər) iş yerlərinin açılması isə kənd sakinlərinin məşğulluğunun genişləndirilməsi üçün xüsusi əhəmiyyət kəsb edir.