Bank

“Reanimasiyadakı biznes kreditlər"inin qayıtması ümidi: ilin sonuna bizi nə gözləyir?

Azərbaycan bankları 1 milyard manatdan çox biznes kreditlərinin müddətini və şərtlərini dəyişdirərək “reanimasiyaya” yerləşdiriblər. Orada saxlanılma vaxtı bitəndən sonra çıxarılacaq kreditlərin neçə faizinin “diriləcəyi” hələki sual altındadır. ENA.az xəbər verir ki, bəzi sahələr, xüsusən də turizm sektoru götürdüyü kreditlərin ödənilməsi üçün 2022-ci ilin aprel ayınadək kredit tətillərinin verilməsini istəsə də hökumətin indiyə qədərki davranışlarından bunun olmayacağı aydın görünür. 

Bəs banklarda vəziyyət necədir? Azərbaycan banklarının hesabatlılığının hələ də vahid qayda üzrə olmaması bəzi bankların vəziyyətini açıq şəkildə görməyə imkan vermir. Restruktrizasiya olunmuş kreditlərlə bağlı rəqəmlər isə ümumiyyətlə açıqlanmır. Kredit riski üzrə hesabatlılığa əsasən, ən iri bankların kredit portfelindəki vəziyyətlə bağlı müəyyən fikir yürütməklə, sektorun cari vəziyyətinə baxmaq olar.

Biz nümunə olaraq, ən iri özəl bank - "Kapitalbank"ı və ən iri dövlət bankı "Azərbaycan Beynəlxalq Bankı"nın vəziyyətinə baxacağıq.  

Məsələn, "Kapitalbank"ın kredit portfelinin ümumi həcmi 2 milyard 213 milyon 171 min manatdır. Bu kreditlərin 1 milyard 352 milyon 908 min manatı istehlak kreditləridir. Cəmi kreditlərin 171 milyon 379 min manatı 1-30 gün ərzində gecikən kreditlərdir. Gecikən kreditlərin 146 064 min manatı istehlak kreditləridir. Bu isə o deməkdir ki, ümumi gecikən kreditlərdə istehlak portfelinin payı 85,2%-dir. Ümumi istehlak kreditlərinin həcmində gecikən istehlak kreditlərinin payı isə 10,7%-in üstündədir.

Azərbaycan Beynəlxalq Bankında isə ümumi kredit portfeli 2 milyard 405 milyon 884 min manatdır. Bunun 1 milyard 347 milyon 857.70 min manatı biznes, 626,651.89 manatı istehlak kreditləridir. 1-30 gün ərzində gecikən kreditlərin həcmi 190 milyon 636 min manatdır.  Gecikən kreditlərin 81 milyon 819.89 min manatı istehlak, 31 milyon 625.60 min manatı biznes kreditləridir.  Faizlərlə ifadə etsək, həmin müddəti ötürən istehlak kreditləri portfeldə 42,9%, biznes kreditləri isə 16,6% tutur. Digər banklardakı göstəricilər də buna çox yaxındır. Bu isə onu göstərir ki, biznes kreditlərinin müddətlərinə yenidən baxılıb deyə onlar gecikmiş kreditlər kateqoriyasına düşməyib.

Mərkəzi Bankın rəsmi göstəricilərinə əsasən, 31 mart 2021-ci il tarixində cəmi kredit qoyuluşlarının 918,2 milyon manatını və ya 6,2%-ni ödəmə vaxtı keçmiş kreditlər təşkil edib. Başqa sözlə, rəqəm "gülür". Restruktrizasiya olunmuş biznes kreditlərinin həcmi isə 1 milyard manatı ötüb. 

Kreditlər üzrə şərtlərə yenidən baxılmasının (restruktrizasiya) problemli kreditlər portelinə nə qədər müsbət təsir etdiyi barədə bankirlərin fikirləri də çox müsbətdir. Çünki pandemiya nəticəsində bizneslər də ziyan çəkib və restruktrizasiya müştərinin müəyyən vaxt ərzində çətinlikdən çıxması üçün bir imkan qazandırır.

Kreditlərin bu cür restruktrizasiyasının problemi bir müddət dondurmaq effektinə gəlincə, bankirlər bunu istina etmirlər. Çünki bu, dalğavari bir prosesdir və nəticələrini sonra da göstərə bilər. Ona görə də iqtisadi proseslərin, müştəri davranışlarının izlənməsi, risklərin ölçülməsini həyata keçirənlər, proseslərdən daha az ziyanla çıxacaqlar. 

Rəsmilərin açıqlamalarına görə, may ayının sonundan ölkədə iqtisadi resesiya dayanıb və növbəti aylardan  inkişaf tendensiyasına keçəcək. Buna görə də kreditlərin qaytarılmağa başlamasında müsbət tendensiyaya ümidlər yaranıb.

İqtisadçı Rəşad Həsənovun "ENA"ya açıqlamasına görə, restruktrizasiya olunmuş kreditlərin qaytarılması üzrə proses biznesin və ümumilikdə iqtisadiyyatın vəziyyətindən asılı olacaq. Mərkəzi Bankın requlyativ güzəştləri və faizlərin subsidiyalaşdırılması banklardakı problemli kreditlər portfelinin artmasını dayandırıb. Lakin bu requlyativ tədbirlərin müddəti martın 10-dan bitib. "2020-ci ildə 372 milyon manat kredit faizi subsidiyasından istifadə olunub. 2021-ci ildə 630 milyon manatın da istifadə olunması gözlənilir, çünki bu tədbirlər üçün 1 milyard manat ayrılmışdı. Hesab edirəm ki, restruktrizasiya olunmuş kreditlərin 30-35%-i yenidən problemli kreditlərə keçəcək. Nəticədə bankların toksik aktivləri artacaq". R.Həsənovun qənaətinə görə, bəzi banklarda problemli kredit portfeli 15-20%-ə yüksələcək. 

Ümumilikdə ilin sonuna artıq gecikmiş kreditlər portfelinin həcminin "ağırlaşacağı" qaçılmaz olacaq. Çünki bəzi sahələr üzrə pandemiyanın təsirləri daha uzunmüddətlidir, ona görə də qarşıdakı altı ayda kreditlərin qaytarılması səviyyəsi ümumi iqtisadi dinamika ilə yanaşı, sahəvi sektorlardakı vəziyyətdən də asılı olacaq. 

  

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)