Elektron çıxarış hansı üstünlüklər yaradır?
Sosial faktorlar və vətəndaş amilinin gücləndirilməsi prinsipləri nəzərə alınaraq, ölkəmizdə daşınmaz əmlakın qeydiyyatı sisteminin inkişafı, xidmətlərin maksimum sadələşdirilməsi, prosedurların optimallaşdırılması və vətəndaş məmnunluğunun artırılması məqsədilə bir sıra yeniliklər tətbiq olunur.
Bu yeniliklər sırasında elektron çıxarış sistemi xüsusilə qeyd edilməlidir.
Qanuna edilən dəyişiklik
Dövlətimizin başçısının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Qanununun tətbiqi haqqında 2019-cu il martın 29-da imzaladığı Fərmana əsasən, daşınmaz əmlaka dair çıxarışlar yalnız elektron qaydada verilir. Bununla da, kağız çıxarış dövrünə son qoyulub. Qanuna edilmiş dəyişikliyin əsas məqsədi, ilk növbədə, daşınmaz əmlakın qeydiyyatı prosesində vətəndaş-məmur ünsiyyətini minimuma endirmək, əmlakın qeydiyyatını daha da sadələşdirməklə bu sahədə operativliyi və optimallığı artırmaqdır.
Çıxarışla bağlı məlumatlar elektron ünvana göndərilir
Mülkiyyət sənədi haqqında məlumatlar şəxsin telefon nömrəsinə, elektron poçt ünvanına göndərilir. Elektron qaydada göndərilən bildirişlərdə çıxarışın reyestr və qeydiyyat nömrəsi, elektron çıxarışın yoxlanılması ilə bağlı keçid linki göstərilir. Vətəndaş “Elektron çıxarışını yoxla” xidmətinə daxil olaraq çıxarışın qeydiyyat və reyestr nömrələrini qeyd etməklə sənədin düzgünlüyünü yoxlamaq imkanına malikdir. Bunun üçün isə istifadəçilərdən nə elektron imza, nə də ödəniş tələb olunur. Elektron çıxarış tam hüquqi qüvvəyə malikdir, fərdi identifikasiya kodu ilə keçərlidir.
Elektron çıxarışın üstünlükləri
Elektron çıxarış sistemi ilə kağız çıxarışın itirilməsi, yararsız hala düşməsi riskləri aradan qalxır. Kağız çıxarışın başqa insanlar tərəfindən saxtalaşdırılması və qanunsuz istifadə edilməsi halı tam istisna edilir. Elektron çıxarışın tətbiqi vətəndaşların qeydiyyata olan marağını artırmaqla ölkədə əmlakın leqallığını təmin edir.
Təkrar qeydiyyat tam olaraq avtomatlaşdırılır
Elektron çıxarış sisteminin tətbiqi təkrar qeydiyyatın tam olaraq avtomatlaşdırılması imkanlarını genişləndirib. Belə ki, elektron çıxarışı olan vətəndaşların, bələdiyyələrin, torpaq mülkiyyətçilərinin alqı-satqı əməliyyatı zamanı heç bir kağız sənəd təqdim etməsinə ehtiyac qalmır. Alqı-satqı əməliyyatından sonra əmlaka dair çıxarış yeni sahibin Elektron Hökumət Portalındakı şəxsi kabinetinə yerləşdirilir. Nəticədə çıxarış almaq üçün vətəndaşların əlavə olaraq qeydiyyat orqanlarına müraciət etmək zərurəti aradan qaldırılır.
Elektron çıxarışın tətbiqi ayrı-ayrı dövlət qurumları tərəfindən verilən aidiyyəti sorğuların cavablandırılması, vətəndaşların əmlakı üzərində iqtisadi əməliyyatların aparılması işini daha da asanlaşdırır. Eyni zamanda, çıxarışın elektron müstəviyə keçməsi ölkədə aparılan elektron hökumət quruculuğu sahəsində reallaşan önəmli layihələrdəndir.