Statuslar

İşğaldan azad olunmuş şəhərlərin inşasında nələr nəzərə alına bilər?

Ağdam daxil olmaqla işğaldan azad olunmuş şəhərlərin (kəndlərlə bağlı məsələ fərqlidir) inşasında böyük ehtimalla dünyada boşalmış şəhərlərin boşalma ardıcıllığının tərsinə tətbiqi də nəzərə alınacaq.

Bu nə deməkdir?

Dünyada bir neçə inkişaf etmiş və çoxsaylı əhalisi olan şəhərlər sonralar demək olar ki, ya tamamilə, ya da 60%-80% boşalmışdır. Əsas səbəb həmin şəhərdə iş yerləri təmin edən çox böyük müəssisə(lər)in bağlanması, iflası olmuşdur. İşsiz qalan əhali başqa şəhərlərə üz tutmuş, nəticədə şəhərdə daşınmaz əmlak dəfələrlə dəyər itirərək hətta simvolik qiymətlərə də satılmamışdır. Böyük müəssisə(lər)də işləyən əhalinin köçməsi həmin şəhərdə xidmət sektorunun da kiçilməsinə və iş yerlərinin sürətlə itirilməsinə səbəb olmuşdur. Şəhərin iqtisadiyyatı azalmaqda olan iqtisadi əlaqələr nəticəsində kiçilmiş, infrastruktur dağılmışdır. Son nəticədə şəhərlər boşalaraq “ruhlar şəhəri” statusunu almışdır.

Deməli şəhərlərdə məskunlaşma üçün əsas amil iş yerləri məsələsidir. İşğaldan azad olunan şəhərlərdə bu məsələlər aşağıdakı şərtlər daxilində öz həllini tapacaq:

– əvvəla, həmin şəhərlər sıfırdan şəhərin baş planına uyğun inşa olunacaq. Həm infrastruktur, həm yaşayış binalarının tikintisi zamanı iş yerləri açılacaq ki, həmin işlərdə işləyən şəxslərin də bir çoxu sonradan həmin şəhərdə məskunlaşa bilər;

– ikincisi, həmin şəhərdə çalışan insanlara xidmət göstərən sektorlar, mağazalar, iaşə obyektləri və sair formalaşacaqdır ki, bu da tikintiyə birbaşa deyil, dolayısı ilə aidiyyatı olan iş yerləri olacaq;

– birinci və ikinci bəndlərdəki iş yerləri birbaşa və dolayı yolla bərpa ilə bağlıdır. Tikinti işləri bitdikdən sonra bağlanacaq iş yerlərini (birinci bənd) əvəzləyəcək iş yerləri paralel olaraq tikiləcək emal, istehsal, ticarət müəssisələri və özünüməşğulluq olacaqdır. Burada iş yerlərinin açılması ikinci bənddəki (xidmət, iaşə sektorları) iş yerlərinin bağlanmaması, əksinə daha da artması deməkdir.

– deməli, şəhərin planına uyğun olaraq, tikiləcək mənzil və fərdi evlərdə yaşayacaq əhali sayı ilə iş yerləri arasındakı nisbətin birinci mərhələdə infrastruktur və digər tikintilər (o cümlədən yaşayış evləri, mənzilləri, biznes obyektləri) hesabına, növbəti mərhələdə isə  biznes sahəsində, o cümlədən özünüməşğulluq proqramları, kənd təsərrüfatı, dövlət müəssisələrinin filial və şöbələri hesabına qorunması təmin oluna bilər;

– şəhərsalma zamanı hər bir şəhərdə bir-iki iri emal və istehsal müəssisəsinin olması məskunlaşma prosesini daha da sürətləndirəcək əsas amillərdən biri olacaq. Bundan sonra isə, həm pul dövriyyəsi, həm şəhər daxilindəki qarşılıqlı iqtisadi, sosial əlaqələr, həm də kənardan şəhərə daxil olan (büdcə) vəsaitləri (pensiya, təqaüd, dövlət müəssisələrində çalışanların əmək haqları, turizm və sair) iqtisadi inkişafı sürətləndirən amillər olacaq;

– işğaldan azad olunmuş bölgələrin bərpası zamanı büdcəyə geri dönüşlərə, xərclərə ciddi nəzarət dövlət büdcəsi üçün xərcdən daha çox multiplikativ effektə çevriləcək dövriyyə və artım olacaq. Yəni, oraya xərclənən vəsaitlər tikinti materiallarının alışına sərf olunacaq ki, bu da ölkə daxilində istehsal olunan tikinti materiallarını istehsal edən müəssisələrdə əlavə iş yerləri, artan dövriyyə, mənfəət və daha çox vergi ödənişi deməkdir. Tikinti zamanı, o cümlədən xidmət sektorunda işləyənlərə ödənilən maaşlar pensiya fondlarına (büdcəyə) artan ödənişlər deməkdir. Həmin şəhərdə fəaliyyətə başlayacaq xidmət sektorunun ödəyəcəyi vergilər deməkdir. Qısası,  işğaldan azad olunmuş bölgəyə 2021-ci ildə xərclənən hər 1 milyard 2022-ci ilin büdcəsinə müxtəlif istiqamətlərdən ən azı 400-450 milyon manat geri ödəniş deməkdir (ÜDM artımında isə bu rəqəm dövriyyə və multiplikativ effekti nəzərə aldıqda daha yüksək rəqəmlər deməkdir). Əlbəttə, şəffaflıq və ciddi nəzarət bu nisbətin artıb-azalmasında ciddi rol oynayacaq. 2022-ci ildə büdcədən daha çox vəsaitin bərpa proseslərinə yönəlməsi 2023-cü ilin büdcəsində daha çox geri dönüş və daha da artan ÜDM deməkdir. Orada fəaliyyətə başlayacaq müəssisələri də nəzərə aldıqda bu geri dönüş  hər il daha çox artan büdcə deməkdir;

– bu daha çox artan büdcədən və ondan da çox nisbətlə artacaq ÜDM isə digər regionların da inkişafı üçün pay artımı baş verəcəkdir. Artan dövriyyə artan əmək haqları və pensiyalardan əlavə həm də artan iqtisadi fəallıq deməkdir;

– bərpa prosesində səmərəliliyi artıran əsas amillər: ciddi siyasi iradə, diqqətlərin (bu həm də nəzarət deməkdir) həmin bərpa proseslərinə yönəlməsi, xarici təcrübələrdən istifadə, bərpanın demək olar ki, sıfırdan başlaması, bərpanın təsdiqlənmiş baş plana uyğun aparılması, alternativ və yaşıl enerji layihələrinin tətbiqi, regionun bərpa prosesini sürətləndirəcək resurs və imkanlarının, iqlim və təbiətinin yüksək olması və sair;

– bərpa maddiyyatla və dövlətin siyasi iradəsindən asılı olduğu üçün daha sürətlə gedəcək. Burada önəmli olan məsələ bərpa sürəti ilə məskunlaşma sürətinin bir-birinə uyğun şəkildə paralel getməsi və nisbətin pozulmaması, bərpadan sonra isə məskunlaşmanın daha da artmasıdır. Bu nisbətin isə açılacaq iş yerlərinin sayının (burada özünüməşğulluq məsələləri də vardır ki, bu da başqa bir mövzudur) oradakı mövcud əhali sayından davamlı olaraq heç olmasa 10-15% öndə olmasıdır ki, bu da həmin regionda daha sürətli məskunlaşmanı təmin edə bilər. Bərpanın özü qədər əhəmiyyətli olan bu prosesin isə yuxarıda qeyd olunanlar nəzərə alınmaqla həyata keçiriləcəyi ehtimalı yüksəlməkdədir.

Müəllif: Elman Sadıqov, iqtisadçı-ekspert

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department