Palata sədri: “2020-ci ilin büdcəsi əvvəlki illərdən tamamilə fərqlənir”
2020-ci ilin büdcəsi əvvəlki illərin büdcəsindən tamamilə fərqlənir. Çünki keçən il COVID-19 pandemiyasının törətdiyi fəsadlar, qlobal iqtisadi böhranla əlaqədar olaraq dünya bazarında neftin qiymətinin aşağı düşməsi iqtisadiyyata mənfi təsirini göstərib. Buna baxmayaraq, hökumət tərəfindən pandemiya ilə mübarizə tədbirləri çərçivəsində çevik addımlar atılıb.
Bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin mayın 27-də keçirilən iclasında 2020-ci il üçün dövlət büdcəsinin icrası ilə bağlı aparılan müzakirələr zamanı deyib.
Palata sədri bildirib ki, Hesablama Palatası 2020-ci il üçün dövlət büdcəsinin icrası ilə bağlı 4 istiqamətdə qiymətləndirmə aparıb.
O qeyd edib ki, bunlar büdcənin icrasının mövcud qanunvericiliyin tələblərinə uyğunluğu, büdcə parametrlərinin doğruluğu və tamlığı, icra olunmuş büdcə parametrlərinin təsdiq olunmuş göstəricilərə uyğunluğu, həmçinin büdcə vəsaitlərinin xəzinə hesabına vaxtında daxil olmasıdır.