Sənaye

Britaniya qızıl hasilatçısı Azərbaycanda yeni birgə müəssisə yarada bilməyib

Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkətinin “Conroy Gold and Natural Resources PLC” şirkəti ilə birgə müəssisənin yaradılması ilə bağlı apardığı danışıqları bu ilin əvvəlində dayandırılıb.

Məlumata görə, bu barədə Britaniya şirkətinin 2020-ci ilin yekunları ilə bağlı açıqladığı hesabatda deyilir.

Hesabata əsasən, müzakirələr zamanı şirkətin “Conroy Gold and Natural Resources Plc” şirkəti ilə ortaq müəssisənin yaradılması üçün çox fərqli bir baxışa sahib olduğu aydın olub.

Məlumata görə, "Anglo-Asian Mining Plc." şirkəti Azərbaycandan kənarda mədənlərin işlədilməsi ilə bağlı ciddi məqsədləri və hədəfləri mövcuddur: “Bizim mədsədimiz və istəyimiz şirkətin səhmdarları üçün əlavə dəyər qatacaq digər fürsətlərə baxmağa davam etməkdir”.

Xatırladaq ki, “Conroy Gold and Natural Resources PLC” İrlandiya və Finlandiyada fəaliyyət göstərən qızıl kəşfiyyatı və hasilatı işləri aparan şirkətidir. Şirkət İrlandiyadakı “Longford-Down” massivində böyük bir geoloji quruluş olan “Orlock Bridge Fault Zone” yatağını işlədir. Bundan başqa, şirkət “Monaghan” əyalətindəki “Clontibret” qızıl yatağında da fəaliyyət göstərir. “Conroy Gold” Finlandiyada qızıl axtarışı ilə də məşğul olur. Həm İrlandiya, həm də Finlandiya mədənçilik ənənələri və əlverişli iş mühiti ilə mədənçiliyə dost ölkələrdir.

Qeyd edək ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51 %, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49 % təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb. “Gədəbəy” bir-birinə inteqrasiya olunmuş mədənləri olan açıq mədəndir. Şirkət ərazidə yerləşən “Qadir” və “Gədəbəy” yatağından 50 km aralıdakı “Qoşa” yeraltı mədənində, yeni kəşf olunan "Uğur" yatağında da hasilatla məşğuldur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)