Hadisə

Azərbaycanlıların adı “çirkli pul” qalmaqalında - 300 milyon avro...

Estoniyada “Danske Bank”ın 10 keçmiş əməkdaşı çirkli pulların yuyulmasında şübhəli bilinərək saxlanılıb.

BI” xəbər verir ki, Tallinin baş prokuroru Lavli Perlinq bildirib ki, saxlanılan şəxslər Azərbaycan və Gürcüstandan olan müştərilərin təxminən 300 milyon avrosunu “yumaq”da ittiham olunurlar. 

Prokuror bu işlə bağlı saxlanılanların sayının artacağını istisna etməyib.

Qeyd edək ki, “Danske Bank”ın Estoniya bölməsinə qarşı cinayət araşdırması 2018-ci ilin iyulunda başladılıb. İstintaqın versiyasına görə, 2007-2015-ci illərdə filial 8 milyarddan çox çirkli pulun yuyulmasında iştirak edib. Təkcə 2013-cü ildə bank vasitəsilə Rusiya və digər keçmiş sovet ölkələrindən 30 milyard dollara yaxın pul köçürülüb.

Baş verən qalmaqala görə, sentyabrın 19-da bankın icraçı direktoru Tomas Borqen istefa verməli olub. 

Əsası 1871-ci ildə qoyulan “Danske Bank” Danimarkanın ən iri banklarındandır. Hazırda onun Skandinaviya ölkələri, Baltikyanı ölkələr, həmçinin İrlandiyada 5 milyondan çox müştərisi var. Bank Rusiya, Ukrayna və Azərbaycanda fəaliyyət göstərməsə də, bu ölkələr və MDB-nin digər regionlarındakı şirkətlər Qərbə pul köçürmələri və xaricdən, həmçinin ofşor şirkətlərdən pul əldə etmək üçün bankın xidmətlərindən aktiv istifadə ediblər. Bu əməliyyatların əksər hissəsi məhz Estoniya bölməsi vasitəsilə həyata keçirilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)