Avtomobil

Bakıda bəzi yollarda sürət həddi endiriləcək

Bakı Nəqliyyat Agentliyi hərəkətin təhlükəsizliyi üçün təkliflər hazırlayıb - bəzi yollarda yüksək olan sürət həddi endiriləcək.

Bu barədə qurumdan bildirilib.

Məlumatda deyilir ki, paytaxtda yol-piyada təhlükəsizliyi səviyyəsinin artırılması daim dövlətin diqqətindədir. Məqsəd yol-nəqliyyat hadisələrinin sayının minimuma endirməklə vətəndaşların rahatlığı və sağlamlığının qorunmasıdır.

Dövlətin yol-piyada təhlükəsizliyi ilə bağlı prioritetlərini, eləcə də BMT-nin qlobal yol təhlükəsizliyi çağırışlarını əsas götürərək paytaxtın bəzi küçə və prospektlərində icazə verilən sürət həddinin endirilməsi ilə bağlı təklif hazırlanıb.

Təklifə əsasən Xocəsən, Bibiheybət, Zığ, Zağulba, Xarici Dairəvi-1 avtomobil yollarında, Bakı-Şamaxı şosesi, habelə Heydər Əliyev, Ziya Bünyadov, Mikayıl Useynov, 8 Noyabr və Babək prospektlərində icazə verilən sürət həddinin endirilməsi nəzərdə tutulub. Təklif razılaşdırılması üçün aidiyyəti dövlət qurumuna göndərilib.

Məlumat üçün bildiririk ki, qeyd edilən yollar nəqliyyat və piyadaların iştirakı ilə baş verən qəza hadisələrinin ən çox qeydə alındığı yerlərdir. İcazə verilən sürət həddinin endirilməsi ilə yol-nəqliyyat hadisələrinin sayı, həmçinin hərəkət iştirakçılarının ölüm və yaralanma riski azalacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department