Həftədə 55 saatdan çox işləmək hər il yüz minlərlə insanın ölümünə səbəb olur – TƏDQİQAT
Ümumdünya Səhiyyə Təşkilatı və Beynəlxalq Əmək Təşkilatının mütəxəssisləri iş saatlarının ölüm hallarının sayına təsiri barədə hesabat dərc ediblər.
Onların məlumatına görə, həftədə 55 saatdan və ya daha çox iş hər il yüz minlərlə insanın həyatına son qoyur. Bu rəqəm 2000-ci ildən bəri artmaqdadır.
Qeyd edildiyi kimi, iş saatlarının normadan çox olması ürək-damar xəstəliklərinin inkişaf ehtimalını artırır. 2-16-cı ildə bu səbəbdən 745 min insan dünyasını dəyişib. Onlardan 398 mini insult, 347 mini isə digər ürək xəstəliklərindən ölüb. 2000-ci illə müqayisədə birinci göstərici 19%, ikinci isə 42% artıb.
İş saatlarının normadan artıq olması səbəbindən ölüm riskini artıran amillər:
– İnsanın kişi cinsinə mənsub olması – ölüm hallarının 72%-i kişilərin payına düşür.
– İnsanın cənub-Şərqi Asiya və ya Sakit okean regionunda (Avstraliya, Vyetnam, Çin, Koreya və s.) yaşaması.
– İnsanın yaşı – ölüm hallarının böyük hissəsi 60-79 yaşlıların payına düşür.
Mütəxəssislərin hesablamalarına görə, normadan artıq işləmək insult riskini 35%, ürək-damar xəstəlikləri riskini isə 17% artırır. ÜST-nin texniki direktoru Frank Peqi özünütəcrid rejimi iş saatlarının sayını təxminən 10% artırıb. ÜST və BƏT ekspertləri iş vaxtının azaldılması üçün tövsiyələr hazırlayıblar. Səlahiyyətli orqanlar əmək qanunlarının icrasında daha sərt olmalı, işçilərin iş vaxtı isə həftədə 55 saatı keçməməlidir.
Tədqiqat 194 ölkə üçün aparılıb və 2000, 2010 və 2016-cı illəri əhatə edib.