Mərkəzi Bank 8 müqavilə bağladı
Azərbaycan Respublikasının Mərkəzi Bankı 3 şirkətlə 8 müqavilə bağlayıb.
ENA.az xəbər verir ki, bu şirkətlər “Ata Texnologiya” MMC, “GT Solyuşnz” MMC və “Global Security Systems” MMC-dir.
“Ata Texnologiya” MMC ilə bağlanmış müqavilədə Azərbaycan Respublikasının Mərkəzi Bankında istifadə olunan printer və surətçıxaran aparatlar üçün katriclərin və toner tozunun satın alınması nəzərdə tutulur. Müqavilənin dəyəri 30 615 manatdır.
“GT Solyuşnz” MMC ilə bağlanmış dəyəri 13 948 manat olan müqavilədə Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet səhifəsinin, 484 980 manat olan müqavilədə istismarda olan Elektron statistik məlumat bazası və analitik hesabatlıq sisteminin proqram platformasının, 84 960 manat olan müqavilədə istismarda olan Mərkəzləşdirilmiş Kredit Reyestri Sisteminin proqram platformasının, 31 435 manat olan müqavilədə istismarda olan Maliyyə savadlığı portalının proqram platformasının, 308 476 manat olan müqavilədə istismarda olan Menecment informasiya sisteminin proqram platformasının, 369 930 manat olan müqavilədə istismarda olan Elektron Xidmətlər Portalının proqram platformasının dəstəklənməsi nəzərdə tutulur.
“Global Security Systems” MMC ilə bağlanmış müqavilə isə Azərbaycan Respublikası Mərkəzi Bankında, həmçinin onun ərazi idarələrində video müşahidə və kart buraxılış sistemlərinin dəstəklənməsi xidmətinin satın alınmasından ibarətdir. Müqavilənin dəyəri 143 000 manatdır.