Babək prospekti qurumları üz-üzə qoydu - “Layihədən xəbərləri yoxdur…” - AÇIQLAMA
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının ən böyük prospektlərindən biri olan Babək prospektində başa çatan yenildənqürma işlərindən sonra geriyədönmə yerlərinin düzgün qurulmaması, piyada keçidlərinin olmaması ilə bağlı iradlara cavab verib.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli açıqlamasında deyib ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mövqeyi öyrənilmədən reytinq xətrinə məsələni tirajlandığını qeyd edib: "Əslində, prospektdə geriyədönmə hissələri normal şəkildə qurulmuşdu. Həmin geriyədönmə hissələri böyük qabaritli yük maşınlarının yox, kiçik qabaritli nəqliyyat vasitələri üçün nəzərdə tutulmuşdu. Həmin geridönmə hissələrindən istifadə edən sürücülərin təhlükəsizliyinin təmini məqsədi ilə ərazidə müəyyən siqnal dirəkləri quraşdırılmışdı. Məqsəd o idi ki, digər istiqamətdən gələn nəqliyyat vasitələri sürücülərə maneə yaratmasın, toqquşma nöqtəsi olmasın. Amma bizim sürücülərimiz, xüsusən böyük qabaritli nəqliyyat vasitələrinin sürücüləri oradan dönərkən müəyyən problemlər yaşandı. Yol nişanlanmaları tam yekunlaşmamış ərazidən iri qabaritli nəqliyyat vasitələri geriyə dönməyə çalışdılar.
Təbii ki, onların orada geriyə dönməsi mümkün deyil. İri qabaritli nəqliyyat vasitələri xüsusi geniş ərazilərdən dönməlidirlər. Xüsusi dairələr, yol qovşaqları var ki, iri qabaritli nəqliyyat vasitələrinin o yerlərdən istifadə edərək geriyə dönmələri mümkün idi. Yolda quraşdırılmış siqnal dirəkləri iri qabaritli nəqliyyat vasitələrinə mane olurdu. Kiçik qabaritli nəqliyyat vasitələrinin bəzi sürücüləri də o geriyədönmə yerlərindən dönə bilmirdilər. Əslində, yol mütəxəssisləri də deyə bilərlər ki, orada geriyədönmə yerləri normal şəkildə qurulmuşdu. Sadəcə, bu iradlar olduğuna, məsələ aydınlaşdırılmadan tirajlandığına, sosial şəbəkələrdə bununla bağlı geniş müzakirələr getdiyinə görə belə qərara alındı ki, geriyədönmə yerlərindən siqnal dirəkləri yığışdırılsın və hər bir nəqliyyat vasitəsi, hər bir sürücü oradan dönə bilsin”.
Piyada keçidlərinə gəlincə, A. Nəcəfli nəzərə çatdırıb ki, Bakı şəhərində yolların xətlənməsi, yol nişanlarının quraşdırılması, piyada zolaqlarının çəkilməsi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin səlahiyyətində olan məsələ deyil: "Hər hansı yolda təmir işləri aparılarkən orada xətlənmə, yol nişanlarının quraşdırılması, piyada zolaqlarının çəkilməsi işləri nəzərdə tutulubsa, bu, birbaşa aidiyyəti qurumun işidir. Həmin qurumların mütəxəssislərinin göstərdiyi ərazilərdə yol nişanları quraşdırılır, piyada zolaqları və üfüqi nişanlanma xətlərinin çəkilməsi həyata keçirilir. Babək prospektində üfüqi nişanlanma xətlərinin çəkilməsi, yol nişanlarının quraşdırılması mütəxəssislərin dedikləri ərazilərdə deyildiyi kimi həyata keçirilib. Əgər piyada zolaqlarının çəkilişi lazımdırsa, təbii ki, bu işə məsul qurumların mütəxəssisləri hansı ərazidə piyada zolaqları çəkilməli olduğunu bildirsələr, bu, bizim tərəfimizdən təmin oluna bilər”.
A. Nəcəfli layihədə yeraltı keçidlərinin tikintisinin nəzərdə tutulduğu, lakin sonradan vəsait olmadığı üçün həmin piyada keçidlərinin tikilmədiyi barədə məlumatların da həqiqəti əks etdirmədiyini vurğulayıb: "Babək prospektində yenidənqurmadan söhbət gedirdi. Orada piyada keçidlərinin tikilməsindən söhbət getməyib. Gələcəkdə əlavə vəsait ayrılarsa, müəyyən ərazilərdə piyada keçidlərinin tikilməsi mümkün ola bilər. Birdən- birə hər hansı ərazidə piyada keçidlərinin tikilməsi mümkün deyil. Bunun üçün Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının xüsusi razılığı olmalıdır və piyada keçidlərinin tikintisi üçün vəsait ayrılmalıdır. Layihədə yolun yenidən qurulması, kommunikasiya xətlərinin dəyişdirilməsi, asfalt-beton örtüyünün yenilənməsi, müəyyən yol ayrıcında piyada səkilərində müəyyən işlərin aparılması nəzərdə tutulurdu. Layihədə hər hansı piyada keçidi nəzərdə tutulmamışdı. Ola bilsin ki, 2019-cu ildə piyada keçidi tikintisi ilə bağlı qərar verilsin. Ancaq layihədə bu məsələ əksini tapmamışdı”.
Qurum rəsmisi məsələni içtimailəşdirən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədova layihə ilə tanış olmağı tövsiyə edib: "Əgər Vaqif Əsədov doğrudan da belə bir açıqlama verirsə, deməli, layihədən xəbəri olmayıb. Həmin layihə həm Dövlət Yol Polisi, həm də digər aidiyyəti qurumlarla razılaşdırılaraq hazırlanır. Necə ola bilər ki, layihə işlənilsin, yol polisinin xəbəri olmasın ki, hansısa ərazidə geriyədönmə, yaxud yol nişanı olacaq?! Bu, mümkün deyil. Yol Hərəkətinin təhlükəsizliyinin təşkili və təmin olunması birbaşa yol polisinin səlahiyyətində olan məsələdir. Mənə elə gəlir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəsmisi açıqlama verirsə ki, burada hər hansı nöqsan var… Nöqsan var idisə, yol polisi vaxtında aşkarlayaraq məlumat verə bilərdi. Bildirilərdi ki, layihədə belə nöqsan var, dəyişiklik etmək lazımdır. Bu, düzgün yanaşma deyil”.
Qeyd edək ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov da Babək prospektində həyata keçirilən layihəni yaxşı qiymətləndirməyib, geriyədönmə yerlərində yaranan vəziyyət və piyada keçidlərinin olmamasının problemlərə yol açacağını vurğulayıb. V. Əsədov deyib ki, yol polisi ilə məsləhətləşmə aparılsaydı, prospektdə daha faydalı yenidənqurma işləri görmək mümkün olardı.
© BakuPost