Hakerlər "Acer"ın hesablarını qırıb – 50 MİLYON DOLLAR İSTƏYİRLƏR
Tayvanın kompüter texnikası istehsalı ilə məşğul olan Acer şirkəti kiberhücuma məruz qalıb. Hackerlər şirkətdən 50 milyon dollar tələb edirlər. Məlumata əsasən Acer şirkəti REvil adlı hacker qruplaşması ilə qarşılaşıb. Sözügedən qruplaşma hələ keçən il Londonun Travelex adlı valyuta şirkətinə qarşı kiberhücum reallaşdımışdı. Həmin kiberhücumun zərəri isə 6 milyon dollar dəyərində qiymətləndirilmişdi. REvil qruplaşması Acer-in hack edilməsini darknetdə elan edib. Hackerlər buna sübut olaraq bir sıra fotoları təqdim ediblər.
Nəticədə hackerlər Acer-dən 28 mart tarixinə kimi 50 milyon dolların ödənilməsini tələb edirlər. Əks halda kiberhücum nəticəsində əldə edilmiş məlumatlar internetə sızdırılacaq. Bundan əlavə olaraq hackerlər bildiriblər ki, əgər şirkət ödənişi vaxtından tez etsə onlar 20%-lik endirim edəcəklər. Acer baş vermiş hadisəyə rəy bildirən zaman qeyd edib ki, o, davamlı olaraq bu cür hadisələr ilə qarşılaşır.
“Acer öz kompüter sistemlərini daimi şəkildə idarə edir və onların əksəriyyəti kiberhücumlardan qorunur. Acer kimi şirkətlər davamlı olaraq kiberhücumlara məruz qalırlar və biz bir neçə müddət bundan öncə bu cür vəziyyətlər barəsində bir sıra ölkələrin hüquq mühafizə orqanlarına və məlumatların qorunması orqanlarına məlumat vermişik” - deyə şirkət bildirib. Hackerlər Acer şirkətinin məlumatlarını əldə etmək üçün Microsoft Exchange-dəki boşluqdan istifadə etmiş ola bilərlər. Güman olunur ki, Exchange ilə bağlı olan kiberhücumların əksəriyyətinin arxasında Çin tərəfindən maliyyələşdirilən dövlət dayanır. Lakin bu, boşluqdan digər qruplaşmaların da istifadə etdikləri halını istisna etmir.