Paşinyanın baş qərargah rəisi haqqında yeni açıqlaması: "vəzifədən azad olunur"
Ermənistan prezidenti Armen Sarkisyan baş qərargah rəisinin istefaya göndərilməsi barədə fərmanı vaxtında imzalamadığı və Konstitusiya məhkəməsinə müraciət etmədiyi üçün Onik Qasparyan tutduğu vəzifədən azad olunub.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
“Ermənistan Prezidenti Armen Sarkisyanın silahlı qüvvələrin baş qərargah rəisinin istefaya göndərilməsi barədə fərmanı imzalamadığı və Konstitusiya məhkəməsində mübahisələndirmədiyi faktını nəzərə alaraq martın 10-dan etibarən Onik Qasparyan qanunun gücü ilə tutduğu vəzifədən azad olunur”, - deyə Ermənistan hökumətinin mətbuat xidməti baş nazirdən sitat gətirib.
Həmçinin martın 10-da Armen Sarkisyan Konstitusiya məhkəməsinə müraciət edərək məsələnin “Hərbi xidmət və hərbçinin statusu barədə” qanuna uyğunluğunu müəyyənləşdirməyi xahiş edib. Prezidentin mətbuat xidməti qeyd edib ki, müraciət Baş nazirin Onik Qasparyanı vəzifədən azad etməsi təşəbbüsü və sonrakı hüquqi proseslər nəticəsində daha da qabaran problemlərlə bağlıdır. Armen Sarkisyan Konstitusiya məhkəməsinin cavabının hazırkı qərara ciddi təsir edə biləcəyini də vurğulayıb.
Xatırladaq ki, fevralın 25-də Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi Onik Qasparyan və ali komanda heyəti Nikol Paşinyanın istefasını tələb etdikdən sonra ölkədə siyasi böhran daha da dərinləşib. Baş nazir bunu hərbi çevriliş cəhdi kimi qiymətləndirib və Baş qərargah rəisinin istefaya göndərilməsi barədə prezidentə iki dəfə müraciət ünvanlayıb.