Sosial iqtisadiyyat

İşğaldan azad edilmiş ərazidə qəzaya düşən şəxslər işdən çıxarıldı

Tərtər rayonu ərazisində yol qəzasına düşən vəzifəli şəxslər işdən çıxarılıb.

Bu barədə Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov qərar imzalayıb.

Qərara əsasən, rayonun Talış kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Anar İsmayılov, Ağabəyyalı kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Orxan Ağayev, Canyataq kənd inzibati ərazi dairəsinin baş məsləhətçisi – baş mühasibi Nicat Quliyev, Çaylı kənd inzibati ərazi dairəsinin baş məsləhətçi – baş mühasibi Göyüş Muradov vəzifələrindən azad edilib.

Tərtər Rayon İcra Hakimiyyəti “Report”a faktı təsdiqləyib.

Qeyd edək ki, hadisə ötən həftə işğaldan azad edilmiş Suqovuşan-Talış yolunda qeydə alınıb.

Belə ki, rayonun Talış kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi A.İsmayılov idarə etdiyi “Opel” markalı avtomobillə hərəkətdə olan zaman havanın qar və buzlu olması səbəbindən idarəetməni itirib və maşın yolun kənarına aşıb. Nəticədə A.İsmayılov və onun sərnişinləri – Ağabəyyalı kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi O.Ağayev, Canyataq kənd inzibati ərazi dairəsinin baş məsləhətçisi – baş mühasibi N.Quliyev, Çaylı kənd inzibati ərazi dairəsinin baş məsləhətçi – baş mühasibi G.Muradov və Cahid Quliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Həmin şəxslər Tərtər Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Müayinə zamanı C.Quliyevə döş fəqərələrinin sınığı diaqnozu qoyulub. Lakin onun vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanaların birinə gətirilib. Yaralı cərrahi əməliyyat olunub.

Faktla bağlı Tərtər Rayon Polis Şöbəsində araşdırma aparılır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)