Statuslar

İqtisadiyyatın xərçəngi olan staqflyasiya nədir?

Son illər ərzində məni ciddi şəkildə narahat edən, iqtisadiyyatın xərçəngi olan staqflyasiyadan bəhs etmək istərdim. Staqflyasiya stagnation (durğunluq) + inflation (inflyasiya) sözlərinin birləşməsində əmələ gəlib. Staqflyasiya uzun illər iqtisadiyyatın aksiomalarından biri hesab olunan qanunu qəddarcasına pozan bir vəziyyətdir. Hansı qanunu? Uzun illər inflyasiya və işsizlik arasında tərs mütənasibliyi göstərən Philips əyrisi (bu əyri bir çox statistik göstərici və elmi yanaşmalarla sübut edirdi ki, işsizlik və inflyasiya arasında tərs mütənasiblik mövcuddur. Yəni, işsizlik artanda inflyasiya azalır. Çünki, alıcılıq qabiliyyəti aşağı düşür. İstehlak azalır. İşsizlik azalanda inflyasiya artır. Çünki alıcılıq qabiliyyəti, pul dövriyyəsi artır) aksioma kimi qəbul olunurdu. Bu aksioma ciddi şəkildə 1973-1977-ci illərdə dünyada neft qiymətlərinin kəskin yüksəlməsi nəticəsində baş verən inflyasiya (1974-cü ildə ABŞ-da illik inflyasiya 11.04% olmuşdu) və ardınca gələn iqtisadi durğunluq nəticəsində ABŞ-da pozuldu. Məhz həmin dövrdə monetar siyasətin banilərindən sayılan Milton Friedman meydana çıxdı. Monetar siyasət sahəsində nəzəriyyə və tövsiyyələri ilə ABŞ həmin böhranın təsirlərini yumşaltdı. Milton Friedman özü isə 1976-cı ildə iqtisadiyyat sahəsində Nobel mükafatına layiq görüldü. (haşiyə: əslində Keynes 1923-cü ildə “Monetar siyasət haqqında” və 1930-cu ildə 2 cilddə çap etdirdiyi “Pul haqqında” traktatlarında monetar siyasətin ilkin əsaslarına toxunmuşdu. Amma 1936-cı ildə çap etdirdiyi “Məşğulluq, Faiz və Pul haqqında Ümumi Nəzəriyyə” əsəri digər əsərlərini kölgədə qoydu. Həm də ona görə ki, 1929-1933-cü il böhranının nəticələri məhz onun məsləhətləri ilə fiskal siyasət nəticəsində yumşaldıldı, iqtisadiyyat bərpa dövrünə qədəm qoydu. Yəni, həmin dövrdə monetar siyasətdən daha çox fiskal siyasət praktik rol oynadı).

Bəs staqflyasiya nə dərəcədə təhlükəlidir? Niyə bu qədər qorxuludur?

Əvvəla onu qeyd edim ki, əslində iqtisadiyyat üçün deflyasiya (qiymətlərin davamlı şəkildə azalmasıdır. Bəzi iqtisadçılar 0% inflyasiyanı da deflyasiya kimi qəbul edirlər) inflyasiyadan daha təhlükəlidir. Amma, staqflyasiya heç biri ilə müqayisə olunmayacaq dərəcədə təhlükəlidir, iqtisadiyyatın xərçəng xəstəliyidir. Müasir dövrdə inflyasiyanı ram etmək, nəzarət altına almaq tədbirlərini orta səviyyəli iqtisadçılar da bilir. İnflyasiyaya nisbətən deflyasiya daha uzun sürür, daha ağrılıdır, amma dağıdıcı deyil. (Məsələn, Yaponiya deflyasiyadan əziyyət çəkir, durğunluq yaşayır, monetar, fiskal və proteksionist siyasətlərlə mənfi təsirləri yumşaldır, inkişafı davam edir). Staqflyasiya isə dağıdıcıdır, öldürücüdür. Çünki, özündə iki problemi birləşdirir. İnflyasiya və işsizlik. Bunlardan birinin müalicəsi, tədbirlər digəri üçün əks təsirə malikdir, digərini daha da sürətləndirir və dərinləşdirir. Məsələn, ağır şəkər xəstəsi mədə əməliyyatı olunmalıdır. Böyük ehtimalla, əməliyyat olunarsa şəkərdən, olunmazsa mədə səbəbindən öləcək. Staqflyasiya o qədər təhlükəlidir ki, əlində başqa ölkələrlə müqayisə olunmayacaq qədər monetar, fiskal, proteksionist siyasət alətləri olan ABŞ uzun müddət bu xəstəliklə mücadilə etdi, bədəlini ağır ödədi. Şərqi Asiya ölkələrinin bəziləri (Yaponiya, Cənubi Koreya) bu xəstəlikdən çıxa bilsələr də, bir çox Asiya ölkələri (Vyetnam, Laos, Banqladeş və sair) bu xəstəlikdən çıxa bilməyərək səfalətə düşdülər. Latın Amerikası ölkələrində isə bu xəstəlikdən çıxa bilməməyin nəticəsi xroniki hal alan, az qala hər on illikdə təkrarlanan iqtisadi və maliyyə böhranları oldu.

Həyatımın 5 ildən çox hissəsini bank işi ilə paralel olaraq böhranların araşdırılmasına sərf etdim. Heç bir böhran mənə faciə, çıxış yolu olmayan bir hadisə kimi təsir bağışlamadı. Həm də böhran gələrkən səsi-küyü böyük olur. Staqflyasiya isə gizlin inkişaf edir, iqtisadiyyatın demək olar ki, bütün sahələrinə metastaz verir, iş-işdən keçəndə üzə çıxır. Staqflyasiyanın digər bir xüsusiyyəti də, öz-özünü sürətləndirməsidir. Zərgər dəqiqliyi, yüksək peşəkarlıq tələb edilir ki, həm inflyasiyanı hiperinfliyasiyaya keçirmədən, əhalinin və dövlətin gəlirlərini, fondları əritmədən işsizlik, investisiya məsələlərini həll edəsən, həm də bu inflyasiyanı boğmaq, məsələn büdcə gəlirlərini artırmaq üçün tədbirlər görərkən biznes mühiti daralmasın, investisiyalar azalmasın. Staqflyasiya bir tornado kimi seçim etmədən bütün sahələri vurur, gəlirləri məhv edir, fondları əridir, mikro və makroiqtisadiyyatı birlikdə (bir-birlərinə yardım etmək şansı vermir, əksinə tələ yaradır) müflis edir. İstənilən maliyyə, iqtisadi, inflyasiya, deflyasiya və sair böhranlardan fərqli olaraq staqflyasiyadan sonra iqtisadiyyatın əvvəlki vəziyyətinin bərpası, davamı mümkün olmur. Tamamilə yeni mənzərə yaranır. Staqflyasiya çox ağır xəstəlik olduğu qədər də az-az hallarda baş verir. Amma az olsa da çox öldürücü olur.

Təsadüfi deyil ki, məhz qeyd etdiyim amillər səbəbindən iqtisadiyyatlarda reset, gəlir və fondların əriməsi, uzunmüddətli xroniki böhran, qiymətlərin və işsizliyin kəskin artımı haqqında danışılır. Bütün bu amilləri birləşdirən isə staqflyasiyadır. Əslində 1930-cu ilə doğru yolun xətləri az-çox aydın olmağa çoxdan başlayıb.

Post-pandemiya dövründə inkişaf etmiş ölkələrin heç də hamısı staqflyasiyaya düşməyəcək. O ölkələr bunun nə olduğunu bilirlər. Həm də həmin ölkələr həmin riskləri digər ölkələrə transfer edərək özləri yan qaça biləcəklər. Hansı ölkələr bu bəlaya düşəcək, hansılar düşməyəcək sualının cavabı əlbəttə heç 80%-də dəqiq deyil. Amma artıq 50% əminliklə bununla bağlı nələrsə demək olar. Qeyd edim ki, staqflyasiyadan çox peşəkar şəkildə yan qaçan, ilkin bəlirtilər olduqda peşəkarcasına həll edən ölkələr də olmuşdur.

Bəs staqflyasiyanın ilkin bəlirtiləri hansılardır? Hansı işarələrlə gəlirəm deyir?

İnflyasiyanın real səviyyəsinin obyektiv proqnozlaşdırılmaması və hansı amillərin inflyasiyanı daha ciddi tətikləməsi məsələləri diqqətdən kənarda qalır. Normal hallarda, təkrəqəmli inflyasiya olduqda adətən iqtisadi aktivlik artır, investisiyalar gəlir, iş yerləri açılır. Amma, hansısa (məsələn, pandemiya (2020), neftin qiymətlərinin kəskin artması (1970-ci illər), böhran tələsinə düşmə (Latın Amerikası və bəzi Şərqi Asiya ölkələri)) səbəblərdən işsizlik artır, investisiyalar azalır. Alıcılıq qabiliyyəti aşağı düşür, amma qiymətlər düşmək əvəzinə artır (çünki, inflyasiyanı tətikləyən əsl məsələlər diqqətdən kənarda qalıb). Burada şahmatda suqsuvant adlanan, kimyada özünü sürətləndirən zəncirvari reaksiyalar adlanan hadisələr silsiləsi başlayır. İnflyasiya səbəbindən büdcə xərcləri artır (bəzi ölkələr xərcləri artırmamaq üçün maaş, pensiya və təqaüdləri heç artırmamış, azaltmışlar (bu da staqflyasiyanı dərinləşdirən amillərdən biridir), hətta bu halda da məcburən infrastruktur layihələri, investisiyalar, satınalmaların məbləği inflyasiya nəticəsində artdığı üçün büdcə xərclərinin artımı qaçılmaz olur), büdcə xərclərini qarşılamaq üçün büdcə gəlirlərini artırmaq məqsədilə iqtisadi dəyər qazandırmadan yaranan ödəmələr (gömrük, cərimə və sair) artır. Bu da alıcılıq qabiliyyətini, xərcləmələri azaldır, yuxarıda qeyd etdiyimiz kimi gəlirlər, vəsaitlər əriyir. Dövlət büdcə xərclərini ya daxili, ya xarici borclanmalar, ya da fondlardan trasfer hesabına həll etməyə çalışır. Büdcə gəlirlərini artırmağa yönələn tədbirlər investisiyaları azaldır, iqtisadi mühiti boğur, dövlət investisiyaları, biznes mühitini nə qədər artırmağa, təşviq etməyə çalışırsa da əks effekt verir. Qandaldan qurtarmağa nə qədər çox cəhd edilirsə, bilək o qədər çox zədələnir. Bir-birini sürətləndirən zərərli bir reaksiyalar, səbəb-nəticə silsiləsi, çevrəsi formalaşır (ayrı-ayrı çıxış və yazılarımda bu məsələlərə az da olsa toxunmuşam). Deməli, müəssisələr bağlandıqca, ixtisarlar artdıqca işsizlik artır, amma qiymət artımı dayanmır. Çünki, qiymət artımına səbəb olan məsələlər böhran zamanı obyektiv təhlil olunmur. Bu dəfə dövlət inflyasiyanı boğmaq üçün monetar alətləri işə salır. Pul kütləsi azaldılır, faizlər artır. Nəticədə investisiyalar azalır, pul kütləsinin azalması borc münasibətlərinə mənfi təsir göstərir. Ən əsası isə. Genişlənmiş fiskal siyasətin (büdcə kəsiri nəticəsində artan xərclərin, dövriyyənin) göstərə biləcəyi müsbət təsirləri daraldıcı monetar siyasət neytrallaşdırır, boğur.

İlk baxışda çıxış yolunun olmadığı görünən bir mənzərə yaranır. Amma, əlbəttə çıxış yolu vardır. Staqflyasiyadan çıxış yolunun digər böhranlardan çıxış yolları ilə fərqli və oxşar cəhətləri vardır. Amma fərqli cəhətlər daha çoxdur.

Mən burada görülən tədbirlər, məqbul çıxış yolları, qeyd etdiyim zərərli çevrənin qırılması imkanları və sair haqqında danışmağım doğru olmaz. Bir çox tədbirlərdən yalnız birini misal kimi qeyd etmək istərdim. Məsələn, gömrüyün fiskal siyasətin tərkib hissəsindən çıxarılıb proteksionist siyasətin tərkib hissəsinə daxil edilməsi. Bir çox məsələləri həll edə biləcək bu faydalı addımı atan bir çox ölkələr staqflyasidan uğurla ya yan keçmiş, ya da ilkin bəlirtiləri yumşaldaraq vəziyyətdən daha az zərərlə çıxmışlar.

Post-pandemiya dövründə ölkələrin inkişafı çox fərqli olacaq. Elə indiki peyvəndləmə prosesində ölkələr arasındakı tamamilə fərqli göstəricilər və ədalətsizliklər kimi. Hələ 100-dən çox olkədə bircə peyvənd belə vurulmayıb. Bir çox ölkələr inflyasiya, az bir hissəsi deflyasiya, bir hissəsi staqflyasiya, bir hissəsi də xroniki böhran vəziyyəti ilə üz-üzə qalacaqlar. İqtisadi inkişafda sıçrayış əldə edənlər də olacaq. Hansı yolda getmək isə hər bir ölkənin öz seçimidir.

Elman Sadıqov
İqtisadçı ekspert

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department