"Finoko" və "İcraçı Kredit Agentliyi" BOKT-ların lisenziyaları ləğv edildi

Azərbaycan Mərkəzi Bankı (AMB) "Finoko" ASC və "İcraçı Kredit Agentliyi" MMC bank olmayan kredit təşkilatlarının (BOKT) lisenziyasını ləğv edib.
Bununla da, ölkədə BOKT-ların sayı 54-ə düşüb.
AMB-nin açıqlamasında bildirilir ki, qurum BOKT-lara cari nəzarəti davam etdirir. "Bank olmayan kredit təşkilatları haqqında" qanuna edilmiş dəyişiklərə əsasən, eləcə də, AMB-nin təsdiq etdiyi "2024-2026-cı illərdə maliyyə sektorunun inkişafı Strategiyası"nda müəyyən edilmiş strateji hədəflər çərçivəsində qurumun İdarə Heyətinin müvafiq qərarları ilə "Bank olmayan kredit təşkilatlarının fəaliyyətinin prudensial tənzimlənməsi Qaydası" (Prudensial Qayda) və "Bank olmayan kredit təşkilatlarında kredit risklərinin idarə edilməsi Qaydası" təsdiq edilib.
Prudensial Qaydaya əsasən kommersiya hüquqi şəxs formasında yaradılan mövcud və yeni BOKT-lara kapital tələbi 1 milyon manat müəyyən edilib. Məqsəd kredit təşkilatlarının daha diversifikasiya olunmuş resurs mənbələrinə çıxışını genişləndirməklə maliyyə vasitəçiliyində rolunu daha da artırmaqdır. Ümumilikdə, Qanun və qaydalardakı tələblər BOKT-ların maliyyə dayanıqlığının gücləndirilməsi və istehlakçı hüquqlarının qorunması məqsədini daşıyır.
Kapitalın minimum miqdarı tələbinə əməl edilmədiyindən "Finoko" və "İcraçı Kredit Agentliyi"nə icrası məcburi olan göstərişlər verilib. Lakin ötən dövrdə bu təşkilatlar kapital tələbinə əməl edilməsi istiqamətində zəruri addımlar atmayıb. Qeyd olunanları nəzərə alaraq, "Bank olmayan kredit təşkilatları haqqında" Qanunun 25.1.4-cü maddəsinə əsasən fəaliyyətində yol verildiyi pozuntuların aradan qaldırılması barədə Mərkəzi Bankın göstərişlərinə əməl edilməməsi ilə əlaqədar hər iki kredit təşkilatının lisenziyaları ləğv edilib.
"Bank olmayan kredit təşkilatları haqqında" Qanunun 25.4-cü maddəsinə əsasən, BOKT lisenziyasının ləğv edilməsi haqqında qərarın qüvvəyə mindiyi gündən fəaliyyətini dayandırır və Mülki Məcəllədə müəyyən olunmuş qaydada ləğv edilir.
BOKT-ların fəaliyyəti requlyativ tələblər əsasında daim nəzarətdə saxlanılır, ümumilikdə tələblərə, o cümlədən kapital tələblərinə əməl etməyən bank olmayan kredit təşkilatlarına qarşı qanunvericilik çərçivəsində zəruri addımlar atılacaq.