Azərbaycanda ting istehsalında - YENİLİK
Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunda innovativ metodlarla ting istehsalı yaradılıb.
Belə ki, institutda yaradılan biotexnologiya laboratoriyası ölkəmizdə meyvəçiliyin inkişafı üçün mühüm əhəmiyyətə malikdir. Bu laboratoriya sayəsində fermerlər sağlam əkin materialları ilə təmin olunacaq. Bununla yanaşı, çətin köklənən bitkilərin laboratoriya şəraitində böyüdülməsi də həyata keçiriləcək.
Laboratoriyada çalışan əməkdaşlar Belarus və Türkiyədə biotexnologiya üzrə təcrübə keçiblər. Hazırda laboratoriyadakı iqlim otağında mikroklonal çoxaltma üsulu tətbiq edilməklə müxtəlif bitkilər yetişdirilir. Bu üsulla sortun xüsusiyyətlərini özündə daşıyan çox miqdarda eyni bitkilərin alınması mümkündür. Biotexnologiya laboratoriyasında bir tumurcuqdan 105-107 yeni bitki alınır. Laboratoriyanın əməkdaşları 17 bitkinin mikroklonal üsulla çoxaldılmasını mənimsəyiblər. Yaxın gələcəkdə belaruslu və türkiyəli mütəxəssislərlə birgə əməkdaşlıq sayəsində fındıq, qoz və başqa meyvələrin də yeni üsulla artırılmasına başlanılacaq.