MALİYYƏ

Milli Depozit Mərkəzi elektron reyestr xidmətinin tətbiqinə hazırlaşır

Milli Depozit Mərkəzi (MDM) müştəri məmnunluğunu təmin etmək məqsədilə elektron xidmətlərinin sayını artıracaq.

Bu barədə qurumdan bildirilib.

Məlumata görə, bu istiqamətdə emitentlərə təqdim edilən qiymətli kağız mülkiyyətçilərinin reyestrinə onlayn baxış və reyestrdən çıxarışın elektron formada təqdim edilməsi nəzərdə tutulur. Bu məqsədlə, MDM-in “Elektron xidmətlər” sistemində emitentlərə elektron şəxsi kabinet yaradılacaq. “ASAN İmza” sertifikatı olan müştərilər sistemə daxil olaraq elektron reyestr almaq imkanını əldə edəcəklər.

Eyni zamanda, istifadəyə veriləcək elektron şəxsi kabinet vasitəsilə emitentlər birja və birjadankənar əqdlərə, bağışlama, vərəsəlik və digər əməliyyatlara baxış imkanını əldə edəcəklər.

Cari dövrdə MDM emitentlərə təqdim etdiyi qiymətli kağız mülkiyyətçilərinin reyestri yalnız sənədli formadadır. Yeni xidmət istifadəyə verildiyi zaman emitentlərin istəyi əsasında reyestri kağız formada və ya elektron imza vasitəsilə elektron üsulla əldə etmək mümkün olacaq.

Hazırda “ASAN İmza” sertifikatı olan, qiymətli kağızlara sahib fiziki şəxslər MDM-in internet səhifəsindən “Elektron xidmətlər” sisteminə daxil olaraq onlara məxsus qiymətli kağızlar barədə məlumatları (qiymətli kağızların emitenti, mülkiyyətçisi olduğu qiymətli kağızların sayı, nominalı və s.) real vaxt rejimində əldə edə bilərlər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)